İtaliyanın Verona şəhərində yerləşən sənət qalereyasında xoşagəlməz hadisə yaşanıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, qalereyanı ziyarətə gələn turist foto çəkdirmək üçün kristallarla bəzədilmiş "Van Qoqun kreslosu"na oturaraq onu sındırıb.
Hadisə məşhur italyan rəssam və dizayner Nicola Bolla tərəfindən hazırlanmış və yüzlərlə Swarovski kristalı ilə örtülmüş sənət əsərinə ciddi ziyan vurub. Qırılan bu incə və zərif kreslo Verona şəhərindəki Maffei Sarayında sərgilənirdi.
Görüntülər kameraya düşdü
Təhlükəsizlik kameralarında bir kişi və bir qadının zalda nəzarətsiz qaldığı anlar qeydə alınıb. Qadın kresloyoa tam oturmadan poz verərkən, kişi birbaşa oturur və həmin anda kreslo dağılır. Kişi yıxılmamaq üçün divardan yapışmağa çalışır, daha sonra isə hər iki şəxs otaqdan tezliklə uzaqlaşır.
Müzey sosial şəbəkədə açıqlama verdi
Hadisədən sonra muzey rəsmi sosial media hesablarında bu paylaşımı edib:
"Hər muzeyin qorxulu yuxusu bizim başımıza gəldi. Nəzarətsiz bir anda edilən məsuliyyətsiz hərəkət, Nicola Bollanın Swarovski kristalları ilə bəzədilmiş zərif sənət əsərinə ciddi ziyan vurdu".
Xoşbəxtlikdən bərpa olundu
Müzey rəhbərliyi bildirib ki, restavrasiya qrupu və polis əməkdaşlığı nəticəsində əsər qısa zamanda bərpa edilib və əvvəlki görünüşünə qaytarılıb.
Məqsədlərinin yalnız hadisəni bildirmək deyil, sənət əsərlərinə hörmət mövzusunda cəmiyyət arasında maarifləndirmə aparmaq olduğunu vurğulayan muzey səlahiyyətliləri aşağıdakı mesajı da paylaşıb:
"Sənət yalnız baxmaq üçün deyil, qorunmalı və sevgi ilə yanaşılmalı bir dəyərdir. Ziyarətçilərimizdən hər bir sənət əsərinə diqqət və qayğı ilə yanaşmalarını gözləyirik".
Bu hadisə, qısa müddət əvvəl Çində bir turistin Terrakota Ordusuna aid qədim heykəlləri sındırması ilə bağlı baş vermiş hadisəni də bir daha xatırladıb.
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)