Astara, 15 iyun, İlkin Adıyev, AZƏRTAC
“Qırğızıstan tərəfi adından səmimi qonaqpərvərliyə və Qırğızıstan vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyəsinin təşkilinə göstərilən köməyə görə Azərbaycan Respublikasına və hökumətinə dərin təşəkkürümüzü bildirirəm”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Astara Dövlət Sərhədi Buraxılış Məntəqəsindən təxliyə olunan Qırğız Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beyşekeyev bildirib.
O bildirib ki, təxliyə prosesi uğurla və təhlükəsiz şəkildə həyata keçirilib: “Biz ötən gecə yola düşdük və təxminən 7–8 saat sonra sərhəd-keçid məntəqəsinə çatdıq. Hazırda sərhədi keçənlərin sayı 28 nəfərdir, onların arasında diplomat ailələri də var. İkinci qrup yaxın günlərdə göndəriləcək”.
Nazim Beyşekeyev bölgədəki vəziyyətə də toxunaraq, problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb: “Hazırkı vəziyyət gərgin olaraq qalır, bəzi bölgələrdə döyüşlər davam edir. Lakin ümid edirik ki, bütün tərəflər razılığa gələcək və münaqişəni dialoq yolu ilə həll edəcəklər. Əminik ki, qərarlar yalnız hüquqi müstəvidə, danışıqlar və ortaq həll yolları vasitəsilə qəbul olunmalıdır. Gücdən istifadə isə son və heç arzuolunmaz variantdır. Bu cür yanaşma regionun və dövlətlərin sabitliyi naminə istisna edilməlidir” , - deyə o əlavə edib.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.