AZ

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb - FOTOLENT

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən etibarən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.

APA xəbər verir ki, Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar istifadəyə verilib.

Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunur.

Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.

Bilet satışına artıq 5 iyun tarixindən start verilib. Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunur və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edir.

Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.

Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək.

Qazaxa Qazaxa Qazaxa
Seçilən
21
31
apa.az

10Mənbələr