AZ

"Dron qasırğası: Rusiya Ukrayna şəhərlərinə qarşı yeni hücum taktikası tətbiq edir" - CNN

"Zərbələr daha intensiv və daha ağıllı şəkildə yönəldilir..."
 
Rusiya son həftələrdə Ukrayna şəhərlərinə qarşı hava hücumlarının miqyasını və taktikasını dəyişib. Artıq hücumlar təkcə daha sıx və tez-tez baş vermir, həm də daha məqsədyönlü və dağıdıcı xarakter alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Məlumata görə, gecə saatlarında 500-ə qədər dron və raketin buraxıldığı hallar qeydə alınıb. Bu dronlar yüksək hündürlükdə uçur və adi pulemyotlarla vurulması mümkün olmur. Kiyevdə yaşayan Kristina Reşetnik CNN-ə bildirib: "Son vaxtlar dronlar sürü halında gəlir və 3-4 saat ərzində dayanmaq bilmir. Pəncərəmin düz arxasında partlayışlar olur".
 
Kütləvi hücumlar və saxta hədəflər
 
CNN-in hesablamalarına görə, son bir ayda Rusiya 7 ən genişmiqyaslı dron hücumu həyata keçirib. Amerikanın Müharibənin Araşdırması İnstitutunun analitiki Kristina Harvard bildirib ki, Rusiya ayda 2700-ə qədər "Shahed" tipli kamikadze dronu və əlavə olaraq 2500-ə yaxın saxta dron (aldadıcı) istehsal edə bilir.
 
Bu saxta dronlar orijinala çox bənzədildiyindən Ukrayna hava hücumundan müdafiə qüvvələri ya vaxt itirir, ya da baha başa gələn resurslarla onları vurur. Bu isə əsl dron və raketlərin hədəfə çatmaq şansını artırır.
 
Ukrayna Müdafiə Nazirliyinin keçmiş rəsmisi Aleksey Melnik bildirib ki, indi Rusiya müxtəlif nöqtələrə səpələnmiş zərbələrdən imtina edib, əvəzində konkret hədəflərə konsentrasiyalı hücumlar həyata keçirir ki, bu da həm fiziki, həm də psixoloji təsiri artırır.
 
Dronlar yüksəklərdə - pulemyotlar acizdir
 
Ukrayna hava hücumundan müdafiə bölməsinin əsgəri Yuri Çumak CNN-ə deyib ki, son vaxtlar havadakı dronların sayı kəskin artıb. "Əvvəllər ruslar dronları alçaqdan, çay yataqları boyunca göndərirdilər ki, daha gec aşkarlansın. İndi isə onlar 2-5 kilometr yüksəklikdə uçurlar və pulemyotla vurmaq mümkün deyil", - o, qeyd edib.
 
Buna görə də Ukrayna indi bu dronları raketlərlə vurmaq məcburiyyətindədir, lakin bu resurslar da məhduddur. Buna baxmayaraq, Aleksey Melnik Ukraynanın hava hücumundan müdafiə sisteminin hələ də çox yüksək effektivliyə malik olduğunu deyib: "İndi belə, dronların 80 faizi zərərsizləşdirilir. Əvvəllər bu rəqəm 95 faiz olub. Amma Rusiya say üstünlüyü və taktiki dəyişikliklərlə təzyiqi artırır".
 
Kremençuqa raket yağışı: Rusiya 15 iyun gecəsi kütləvi hücum həyata keçirib
 
15 iyun gecəsi Rusiya Poltava vilayətinin Kremençuq şəhərinə qarşı kütləvi hava hücumu təşkil edib. Hücum zamanı həm qanadlı, həm də ballistik raketlər, eyni zamanda pilotsuz uçuş aparatları (PUA) istifadə olunub.
 
Bu barədə Poltava vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladimir Koqut məlumat verib: "Bu gecə düşmən raketlər və dronlardan istifadə etməklə kombinə edilmiş kütləvi hücum həyata keçirdi", - o,  bildirib.
 
Koqutun sözlərinə görə, hücum zamanı Rusiya tərəfindən buraxılmış çoxsaylı hava hədəfləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
 
Son hücumlarda hədəfdə hansı şəhərlər olub?
 
Rusiya son hücumlarında müxtəlif şəhərləri hədəf alıb: 6 iyun gecəsi raket hücumları əsasən Lutsk və Ternopola yönəlib. 9 iyunda isə Rivne və Dubno ən kütləvi hücuma məruz qalıb, bu, 2022-ci ilin fevralından bəri bu şəhərlər üçün ən ağır zərbə sayılır. 11 iyunda isə Rusiya yenidən Xarkova kamikadze dronlarla hücum edib. Nəticədə 2 nəfər ölüb, 60-dan çox insan yaralanıb. 
 
Nəşr qeyd edir ki, Rusiya bu yeni taktika ilə Ukraynanın hava hücumundan müdafiə sistemlərini tükəndirməyə və daha böyük psixoloji zərbə vurmağa çalışır. Hələlik isə Ukrayna tərəfi müqavimət göstərməyə davam edir.
Seçilən
43
33
moderator.az

10Mənbələr