AZ

Zəngəzur həm də onları xilas edəcək – Bakıdan növbəti xəbərdarlıq! 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində zamanı rəsmi İrəvana çox mühüm və vacib ismarıc yollayıb. Bildirib ki, Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır. Xüsusilə də indiki şərtlər daxilində və reallıqlar çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi tərəfindən səslənən çağırış sıradan məsələ deyil.

Bu, həm də Ermənistan üçün xilas yoludur, irəvandakılar anlamalıdır! İsrail rəhbərliyi öz əhalisini uzunmüddətli müharibəyə hazır olmağa çağırıb və üstəlik İran xalqına xitabən rejim dəyişikliyinə nail olmaqdan ötrü hərəkətə keçməklə bağlı mesaj ünvanlayıb. Deməli, məsələ bir neçə günlük nöqtəli zərbələrlə bitməyə bilər. ABŞ-nin savaşa qoşulması halında müharibənin dəhşətli fazaya keçməsi bölgədə fəlakətli vəziyyət yarada bilər. Düzdür, rəsmi Tehran nüvə silahına malik olmaq iddiasından vaz keçməyə və danışıqlara hazır olduğunu bəyan edib. Amma İsrail baş verənlərə rəğmən, bu bəyanatdan sonra planlarından əl çəkəcəkmi, demək çətindir. İranın Hürmüz boğazını qapatması da gərginliyi tətikləyən addımlardandır. Bütün bunlar böyük müharibə ehtimalı yaradır və bölgə dövlətləri, o cümlədən həm Ermənistan, həm də Azərbaycan üçün arzuolunmaz vəziyyət vəd edir. “Ərəb baharı”ndan sonra yaşananları unutmamışıq, qaçqın axını, qan-qada, saysız fəlakətlər...Odur ki, rəsmi Bakı İran ətrafında baş verənlərdən narahatlığını aydın şəkildə bəyan edib, məsələlərin danışıqlar yolu ilə həllinə çağırıb.

Bir anlıq təsəvvür edək ki, İranla bağlı arzuolunmaz ssenari işə düşür, o halda Ermənistan “nəfəsliyindən” məhrum olur – Meğridəki sərhəd buraxılış məntəqəsi məcburiyyətdən bağlanır... O halda Ermənistanın durumu necə olacaq, irəvandakılar düşünürlərmi? Bu ritorik sual təkcə revanşistlərə - kilsəli, müxalifətli qırğılara deyil, həm də Paşinyan mkomandasına yönəlib. Ermənistan üçün Gürcüstan üzərindən keçən yolun Şimali Lars hissəsi nə qədər məşəqqətlidir, onu özləri də etiraf edir. Deməli, İrana qarşı müharibə halında Ermənistan üçün Türkiyə və Azərbaycanla sərhədlərin açılması zərurətə çevrilir. Təsadüfi deyil ki, son zamanlar Ermənistandan davamlı şəkildə bu barədə açıqlamalar verilir. Bir neçə gün öncə Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri Eduard Akopyan demişdi ki, Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır. “Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş “Marqara” məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir”, - Akopyan demişdi. Bundan əvvəl də Ermənistan hakimiyyəti həyəcanla Türkiyənin sərhəd qapılarını açacağını gözləyirdi, amma qardaş ölkə onların arzusunu gözündə qoymaqdadır: çünki sözü bir dəfə deyərlər, Azərbaycanın şərtlərinə əməl olunmalıdır! Üstəlik, bu gün imzalanmasının 4-cü ildönümü tamam olan Şuşa Bəyannaməsi var, Türkiyə və Azərbaycan bu kimi məsələlərdə qərarlarını bir yerdə, məsləhətləşmələrdən sonra verir!

Ermənistanda anlamalıdırlar ki, Zəngəzur dəhlizi onsuz da gec-tez açılacaq, onlar və himayədarları əngəl olmağa çalışsalar da, mənası yoxdur!

Prezident İlham Əliyev bu ilin əvvəlində bir daha bu məsələnin rəsmi Bakı üçün vazkeçilməz olduğunu nəzərə çatdırmışdı. Sitat: “Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”. Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edərkən Ermənistan 43 km-lik hissədə hələ daşı-daş üstə qoymadı ötən 4,5 il ərzində. Paşinyan öz imzasına hörmət qoysaydı, 2020-ci ilin 10 noyabr Bəyannaməsinin 9-cu bəndinin icrasından yayınır, bilə-bilə ki, kadastrsız ölkəsinə də ziyandır.

Prezidentin köməkçisi Hikmət Hacıyevin söylədiyi kimi, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Bakı İrəvanı nəhayət, konstruktiv olmağa çağırır: “Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”. Cənab Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. Sitat: “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”.

Prezidentin köməkçisi əlavə edib ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin”.

Çox mühüm açıqlamalardır. Zəngəzur dəhlizinin reallaşması qitələrarası marşrut baxımından vacibdir, Avropa və Asiya arasındakı önəmli layihənin Zəngəzur həlqəsini qıfıllı saxlamaq Ermənistanın gücündə deyil! Rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı bir neçə il əvvəl addım atsa, bu gün səksəkə içərisində olmazdı. Bir neçə gün əvvəl erməni mətbuatı Azərbaycanın Araz dəhlizindən bəhs etmişdi və iddialar var idi ki, guya Bakı Araz çayı üzərindən İrana, oradan da Naxçıvana keçməklə 60 km-lik məsafənin qət olunması ilə razılaşıb, Zəngəzur dəhlizindən vaz keçib. Amma belə düşünmək ağılsızlıqdır! Azərbaycan rəhbərliyi İran ətrafında mürəkkəb vəziyyətin yaranacağını əvvəldən bilirdi, proseslərin gedişatı aydın təsəvvür yaradırdı. Lakin Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” çəkən və Ermənistan rəhbərliyinin “əlinə bel, dilinə fel” verən tehrandakı şovinistlər də reallığı düzgün qiymətləndirə bilmədilər. Budur, müharibə gedir və daha gərgin vəziyyətdə İranın da Zəngəzur dəhlizinə işi düşə bilərdi. Yenə də gec deyil, Zəngəzur dəhlizinin əleyhinə çıxanlar ciddi düşünüb, doğru-düzgün qərar versinlər: Zəngəzur dəhlizi həm də onları xilas edəcək! Kimsə düşünür(dü)sə Azərbaycan başının üstündən qara buludlar dolaşan İrandan keçən Araz dəhlizi ilə kifayətlənib, Zəngəzurla bağlı tarixi, həm də beynəlxalq hüquqa əsaslanan hüququndan vaz keçəcək, bərk yanılır!

Seçilən
22
referans.az

1Mənbələr