AZ

Cahangir Məmmədli: 15 İyun xalqımızın xilası, söz və fikir azadlığı yolunda başlanğıc oldu

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün, sözün əsl mənasında, ölkəmizin dövlət müstəqilliyinin qorunması, xalqımızın bir dövlət kimi varlığının davam etməsi və dövlətçiliyimizin əsaslarının möhkəmlənməsi baxımından dönüş nöqtəsi oldu".

Bunu Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli deyib.

Onun sözlərinə görə, 1993-cü ilin çətin və taleyüklü günlərində xalq yalnız bir şəxsə - Heydər Əliyevə güvənirdi:

"Azərbaycanı vətəndaş qarşıdurmasından, xaosdan xilas edən məhz ulu öndər Heydər Əliyev oldu. O dövrün gərginliyini xatırlayanda bir daha anlayırıq ki, Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi olmasaydı, bu gün azad və müstəqil Azərbaycan dövlətindən danışmaq mümkün olmazdı. 15 iyun tarixini biz yalnız dövlətçilik bayramı kimi deyil, həm də milli kimliyimizin, birlik və həmrəyliyimizin rəmzi kimi qeyd edirik".

C.Məmmədli bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi sabitliyin təmin olunması ilə nəticələnmədi, həm də söz və fikir azadlığının inkişafına mühüm təkan verdi:

"Ulu öndərin mediaya münasibəti hər zaman demokratik prinsiplərə söykənib. O, Azərbaycan mətbuatının müstəqil, cəmiyyətin güzgüsü olmasının tərəfdarı idi. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz Heydər Əliyevin təşəbbüsü və qəti iradəsi ilə ölkədə senzura ləğv edildi. Bu, təkcə mətbuat üçün deyil, bütünlükdə cəmiyyət üçün əsl azadlığın qapılarını açdı. Mətbuat üzərindən senzuranın götürülməsi jurnalistikanın yeni mərhələyə qədəm qoymasına imkan yaratdı. Azərbaycan mediası xalqın səsini çatdırmağa başladı".

Professorun fikrincə, Heydər Əliyev mediaya yalnız bir informasiya vasitəsi kimi baxmırdı:

"O, mətbuatı ictimai rəyin formalaşmasının başlıca amili sayırdı və jurnalistikanın sağlam cəmiyyətin quruculuğunda roluna böyük önəm verirdi. Ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində yüzlərlə yeni kütləvi informasiya vasitəsi fəaliyyətə başladı, peşəkar jurnalistikanın inkişafına geniş imkanlar yarandı".

C.Məmmədli vurğulayıb ki, bu gün hər birimiz 15 İyun - Milli Qurtuluş Gününü qeyd etməklə təkcə tariximizə hörmətimizi ifadə etmirik, həm də müstəqilliyimizin qədrini bilmək və onu qorumaq məsuliyyətini bir daha xatırlayırıq:

"Heydər Əliyevin qoyub getdiyi irs bizim yolumuzu işıqlandırır. Azərbaycan jurnalistikası bu dəyərlər üzərində inkişaf etməli və ulu öndərin arzuladığı kimi, həqiqətin, haqqın və ədalətin carçısı olmalıdır".

Professor qeyd edib ki, bu gün Heydər Əliyev siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Prezident İlham Əliyev ölkədə sabitliyin, inkişafın təmin olunması ilə yanaşı, medianın müasir çağırışlara uyğun inkişafına xüsusi diqqət ayırır. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya təhlükəsizliyinin qorunması, peşəkar medianın formalaşması istiqamətində atılan addımlar Prezident İlham Əliyevin mediaya göstərdiyi qayğının bariz nümunəsidir".

C.Məmmədli əlavə edib ki, bu gün Azərbaycan jurnalistləri Prezident İlham Əliyevin dövlətçilik yolunu, milli maraqlarımızı qorumaq istiqamətindəki qətiyyətli fəaliyyətini dəstəkləyirlər:

"Biz jurnalistlər cəmiyyətin aynası olmaqla yanaşı, dövlətimizin güclənməsi, ölkəmizin haqq səsinin dünyaya çatdırılması işində də Prezidentimizin yanındayıq. Heydər Əliyevin siyasi irsini davam etdirən İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə çevirib, bu yolda medianın rolu da böyükdür. Bu gün jurnalistlərin əsas məqsədi həm də Prezidentin apardığı islahatları, dövlətimizin uğurlarını obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdır".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
oxu.az

1Mənbələr