AZ

Universitet yataqxanalarında məskunlaşan məcburi köçkünlər nə vaxt KÖÇÜRÜLƏCƏK? – RƏSMİ AÇIQLAMA

Bəzi universitetlərin tələbə  yataqxanaları tələbələrin istifadəsinə verilə bilmir. Çünki illərdir ki,  orada məcburi köçkünlər məskunlaşıblar. Hazırda daha bir tədris ili yekunlaşır.

Tələbələrə maraqlıdır ki, növbəti ildən etibarən təhsil aldıqları universitetlərin yataqxanalarında qala biləcəklər?

Bizim.Media mövzuyla bağlı həmin universitetlərdən bir neçəsinə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev saytımıza açıqlamasında bildirib ki, universitetin yataqxanalarında yaşayan məcburi köçkünlərin böyük bir hissəsi köçürülüb, ancaq qalanlar var. Onlar öz istəkləriylə qalmaq istəyirlər.

Müsahibimiz o binalarda qalmağın təhlükəsindən danışıb.

“Müvafiq icra hakimiyyəti orqanları, aiddiyyəti qurumlar həmin sakinlərlə söhbətlər aparıb, maarifləndirici görüşlər keçiriblər. Çünki o binalar qəzalı olduğu üçün orada  qalmaq onların həyatları üçün də təhlükə yaradır. Ümid edirik ki, onlar da sağlamlıqları üçün binalardan çıxmaqla bağlı razılaşacaqlar”.

Nicat Abdullayev vurğulayıb ki, yataqxanaların təmir olunması üçün böyük maliyyə lazımdır.

“Təəsüflər olsun ki, yataqxana kompleksi uzun illər məcburi köçkünlərin istismarında olub. Artıq o binalarda yaşamaq mümkün deyil. Korpuslardan biri əvvəlcədən  bizdə olub, son illər orada əsaslı təmir olub. Orada 450 tələbəni yerləşdirmək mümkündür. İctimai təşkilatlar vasitəsilə yataqxanada qalmağa ən çox ehtiyacı olan tələbələri müəyyənləşdiririk və yerləşdiririk. Bu il də elə olacaq.

AZMİU-nun yataqxana kompleksinin təmir olunub, tələbələrin ixtiyarına verilməsi prioritet məsələlərdən biridir. Bununla bağlı Elm və Təhsil Nazirliyi ilə birgə maliyyə axtarışındayıq. Bu, böyük məbləğ tələb edən məsələdir”. 

Azərbaycan  Dövlət Pedoqoji Universitetinin İctimaiyyətlə Əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev Bizim.Media-ya açıqlamasında bildirib ki, ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var. Yataqxanaların 4-də ümumilikdə 1600-dən çox məcburi köçkün məskunlaşıb.

Taleh Mirzəyev yataqxanaların təmiri, məcburi köçkünlərin köçürülməsi məsələsinə də aydınlıq gətirib.

“Dövlətimiz tərəfindən mərhələli şəkildə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi, Böyük Qayıdış prosesi həyata keçirilir. Yataqxanalarda məskunlaşan sakinlərimiz doğma yurdlarına qayıtdıqdan sonra binaların əsaslı təmiri ilə bağlı məsələlər müzakirə oluna bilər. Hazırda ADPU-nun yataqxanalarında məskunlaşan sakinlərin köçürülməsinə başlanılmayıb deyə yataqxanaların təmiri məsələsi gündəmə deyil”, -deyə o, bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, məcburi köçkünlərin köçürülməsi universitet tərəfindən tənzimlənmir.

“Ona görə də bu barədə məlumatımız yoxdur. Köçürüldükdən sonra yataqxanalarda yenidənqurma işləri aparılacaq”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

 

Seçilən
38
2
bizim.media

3Mənbələr