AZ

Süni örtüklü meydançaların zərərləri

Azərbaycan futbolununun problemləri sadalananda ilk deyilənlərdən biri süni örtüklü meydançalardır. Futbolçuların zədələnmə riskini artıran, isti havalarda örtüyün çox qızması mənfi məqamlardandır. Qulluğun daha rahat olması və gec sıradan çıxması isə bundan daha çox istifadəyə səbəbdir.

Süni örtüklü meydançaların yaranması

Süni örtüklü meydançaların yaranması 1960-cı illərə təsadüf edir. İlk dəfə 1965-ci ildə ABŞ-də belə meydançalardan istifadə edilib. Süni örtüklü meydançaların yaranmasına səbəb idə təbii otun yetişdirilməsində olan çətinliklərdir. Belə meydançalarda futbol, xokkey, beyzbol, qolf kimi oyunlar oynanılır.

Azərbaycanda süni örtüyə keçid

Azərbaycanda ilk dəfə isə 2000-ci illərin əvvəlində süni örtüklü meydançalar yaranıb. Birinci Tofiq Bəhramov adına Respublika Stadionunda (yedək meydanda) salınmışdı. Sonrakı illərdə, xüsusilə 2005–2010-cu illərdə AFFA ilə FIFA və UEFA arasında əməkdaşlıq proqramları çərçivəsində paytaxtda və bölgədə çoxsaylı süni örtüklü meydançaların inşasında istifadə edilməyə başlayıb.

“Süni örtüklü meydançalar Azərbaycan futbolunun yaralı yeridir”

Azərbaycan futbolunda aşağı yaş qrupları üzrə yarışların 90 faizi belə meydançalarda keçirilir. Uşaq futbolunda çalışan məşqçilərin daim giley-güzarı isə demək olar, faydasızdır.

Daha əvvəl “Turan Tovuz” futbol akademiyasının məşqçilərindən olan Kamal Ələkbərovla söhbətimizdə süni örtüklərin zərərlərindən danışmışdıq. Mütəxəssis belə meydançaların zərərindən söz açmışdı:

“Süni örtüklü meydançalar Azərbaycan futbolunun yaralı yeridir. Xüsusilə, aşağı yaş qruplarında çox zədələrə rast gəlirik. Mən U-15-dən başqa, bir neçə yaş qrupunda işləmişəm. Neçə ildir, hələ təbii örtüklü meydançada oynadığımız olmayıb. Bu, problemdir. Rəhbərliyimizin də planları var, örtüklər dəyişilməlidir. İlk plan hibrid meydançalardır – yarı süni, yarı örtük. Meydança problemləri həll olunandan sonra uşaq futbolunda vəziyyət daha yaxşı ola bilər”.

Buna baxmayaraq, son illərdə Azərbaycanda kifayət qədər süni örtüklü meydançalar istifadəyə verilib. Meydança sayının olması müsbət, süni örtük isə mənfi nüansdır. Balans yaratmaq isə artıq şərt olub. Elə uşaqlar da var ki, belə meydançalarda aldıqları zədələrə görə karyeralarını erkən bitirməli olub.

Süni örtüklü meydançada zədələnmə riski

Lids Bekett Universitetinin İdman Elmi, Güc və Kondisiya üzrə magistr dərəcəsində təhsil alan, həmçinin gənclərdən ibarət milli komandalarımızda idman elmi üzrə mütəxəssis işləyən Turcay Əhmədovla süni örtüklü meydançalar haqda danışdıq. Bu mövzuda araşdırma aparan Əhmədov süni örtüklü meydançada futbolçuların zədələnmə risklərindən söz açdı:

“Süni örtük ilk dəfə tətbiq edildikdə, idmançılar arasında aşağı ətraf zədələrinin artması müşahidə olunmuşdur. Bunun əsas səbəbi kimi buts-səth arasında yüksək sürtünmə göstərilir ki, bu da diz və topuqda fırlanma anını (səthlə təmas zamanı diz və oynağa kəskin yükün düşməsi) artırır. Lakin yeni nəsil süni örtüklər (təbii otabənzər liflər, rezin və qum qarışığı ilə dolu) təbii ot örtüyünə daha çox bənzəyir. Bu dəyişikliklər nəticəsində oyun zamanı süni örtük və təbii ot arasında zədə tezliyi baxımından əhəmiyyətli fərqlər müşahidə edilmirS. Maraqlı faktlardan da biri odur ki, məşq zamanı ot üzərində zədələnmə halları süni örtüklə müqayisədə daha yüksəkdir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
19
1
futbolpress.az

2Mənbələr