AZ

Veteranlar şou göstərdi, jurnalistlər meydana çıxmağa peşman oldu

Mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrirəsinə həsr olunmuş turnirə start verilib.

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü, “Topaz”ın maliyyə dəstəyi ilə baş tutan ilk turun oyun günündə dörd matç oynanılıb.

Günün birinci matçında “Veteran hakimlər”lə ADBTİA-nın müəllim heyəti qarşılaşıb. Kifayət qədər gərgin və maraqlı keçən dueldə fiziki hazırlığı göz oxşayan akademiyanın müəllimləri 9:4 hesablı qələbəyə sevinib.

Növbəti görüşdə heyətində saytımızın əməkdaşı Xanoğlan İmanovun da yer aldığı “Media Star” “City Baku” ilə üz-üzə gəlib.

Minifutbol təcrübəsi zəngin olan rəqib qələm əhlini meydana çıxmağa peşman edib – 8:3. Xanoğlan bu dəfə öz adını hansısa məqalənin altına yox, vurulan birinci qola yazıb.

Növbəti “qol yağışı” “Xəzri” ilə “Qalaktikos”un duelində qeydə alınıb. Buzovnanı təmsil edən “bədən tərbiyəsi” müəllimləri ilə AzTV-nin həvəskar futbolçularının qarşılaşmasında qapılara 9 top vurulub. “Xəzri” 6:3 hesablı qələbəyə sevinib.

Böyük maraqla gözlənilən günün sonuncu qarşılaşmasında “Veteran futbolçular” səfirlik əməkdaşlarından təşkil olunan “Union” komandasına əsl futbol dərsi keçib.

Hüseyn Məhəmmədov, Tərlan Əhmədov, Emin Quliyev, Mahmud Qurbanov, Əli Abışov, Zaur İsmayılov, Xəyal Mustafayev, Ədahim Niftəliyev kimi keçmiş peşəkarlar qolu necə vurmaq lazım gəldiyini nə az, nə çox, düz 10 dəfə göstərib. “Union” isə qollardan cəmi 3-nün əvəzini çıxa bilib.

İkinci turun görüşləri iyunun 22-də “ASK Arena”nın ərazisindəki “Azfar” meydanında keçiriləcək. İlk görüş saat 10:00-da başlayacaq və bir saat ara ilə davam edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr