13-15 iyun tarixlərində Bakının ev sahibliyi etdiyi Akrobatika gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy yarışı yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, 7 ölkənin 63 ən yaxşı akrobatının mübarizə apardığı yarış Azərbaycan milli komandası üçün uğurlu olub.
Akrobatlarımız qarışıq hərəkətlər proqramında komandamızın hesabına 2 qızıl və 2 gümüş medal yazdırıbar. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupumuz 28.240 xalla, kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov 28.350 xalla qızıl medalın sahibi olub.
Seymur Cəfərov, Riad Səfərov, Abdulla Əl-Məşayxi və Rəsul Seyidlidən ibarət kişi qrupumuz 28.440 xalla, qarışıq cütlük - Milana Əliyeva və Sabir Ağayev 27.720 xalla gümüş medala layiq görülüb.
Dünya kubokunun sonunda qaliblər beynəlxalq hakimlər heyəti tərəfindən müəyyənləşdirilərək medal və hədiyyələrlə təltif olunublar.
Həmçinin təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara - Ukrayna təmsilçiləri olan qarışıq cütlük Labunets İvan və Kryvytska Yevfrosyniiaya AGF Trophy kuboku təqdim edilib.