
ABŞ prezidenti Donald Tramp Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ ev rəsmisi bazar günü axşam bildirib ki, Tramp sammit zamanı Ukrayna prezidenti Vladimir Zelenski, Kanadanın baş naziri Mark Karni və Meksika prezidenti Klaudiya Şeynbaumla görüşəcək.
Tədbirdə Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və Yaponiyanın baş naziri Şiqeru İşibanın da iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Zelenski və Tramp sonuncu dəfə aprel ayında Vatikanda Papa Fransiskin dəfn mərasimində görüşüblər.
Bu arada media xəbər verib ki, NATO-nun Haaqada keçiriləcək sammitinin təşkilatçıları ABŞ prezidenti Donald Trampla digər liderlər arasında münaqişələrin qarşısını almaq üçün protokolu diqqətlə planlaşdırırlar. Xüsusilə, Tramp və Zelenski arasında ictimai mübahisə riski səbəbindən qarşılıqlı əlaqə məhdudlaşdırılacaq.
ELÇİN