AZ

Aİ liderləri Trampı ticarət müharibəsini dayandırmağa çağırdı

Avropa İttifaqının rəhbərləri Kanadada keçirilən G7 sammitində ABŞ Prezidenti Donald Trampı qlobal ticarət müharibəsini dayandırmağa inandırmağı əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 

 

Sfera.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta ABŞ-ı proteksionist siyasətlərdən imtina etməyə çağırıb.

 

“Gəlin, aramızdakı ticarəti ədalətli, proqnozlaşdırıla bilən və açıq saxlayaq. Hamımız proteksionist tədbirlərdən qaçmalıyıq.  Bu, G7-nin bazarlara və dünyaya göndərə biləcəyi vacib bir mesajdır”, – deyə von der Leyen çıxışında bildirib. 


O əlavə edib ki, Brüssel Vaşinqtonla ticarət atəşkəsi haqqında danışıqları davam etdirir və G7 tərəfdaşları arasında açıq dialoqla sabitliyin bərpasına ehtiyac var.

 

Antonio Kosta isə vurğulayıb ki, Aİ eyni anda həm ticarət müharibəsi ilə mübarizə aparıb, həm də Trampın tələb etdiyi kimi müdafiə xərclərini artıra bilməz. “Bu, iqtisadiyyatda qeyri-müəyyənlik yaratmaq üçün doğru an deyil. Əksinə, həm Aİ, həm də ABŞ iqtisadi əsaslarını gücləndirməyə fokuslanmalıdır”, – deyə Kosta bildirib.

 

Sammitin gündəmində ticarətlə yanaşı geosiyasi sabitlik və transatlantik əməkdaşlığın gələcəyi də əsas mövzular sırasındadır.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
18
sfera.az

1Mənbələr