AZ

Camal Musiala FIFA Klub Dünya Kubokunun tarixinə düşdü

FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin ilk turunda “Oklend Siti” ilə oyun “Bayern”in futbolçusu Camal Musiala üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, Yeni Zelandiya təmsilçisi üzərində qazandıqları 10:0 hesablı qələbəyə het-triklə töhfə verib.

Bununla da Musiala yarışın tarixinə düşüb. O, klublararası dünya çempionatının yenilənmiş formatında ilk het-trik müəllifi olub. Almaniyalı hücumçu həmçinin, yarış tarixində bunu reallaşdıran üçüncü futbolçu ünvanına sahib çıxıb. 22 yaşlı yarımmüdafiəçiyə qədər Portuqaliya yığmasının üzvü Kristiano Ronaldo və Uels millisinin sabiq futbolçusu Qaret Beyl klublararası dünya çempionatında bir oyunda üç qola imza atmağı bacarmışdılar.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Musiala “Bayern”in heyətində 40 oyun keçirib, 18 qol vurub, 7 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 204 oyun, 64 qol və 39 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr