Kürdəxanıda, “Ləhiş” bağları adlanan ərazidə tikilən Hacı Soltan Əli Haşımov məscidi qəzalı vəziyyətdədir.
Bu haqda Moderator.az-a açıqlamasında Hacı Soltan Əlinin nəvəsi Rəna Əliyeva məlumat verib:

“Babam Bakı milyonçusu, öz dövrünün ziyalısı, xeyriyyəçisi olub. Sovet illərində bilirsiniz ki, məscidlərə, dinə qarşı münasibət birmənalı deyildi. Hazırda məscid xarabalığı xatırladır. Nə minbəri var, nə də minarəsi. Günü-gündən də uçulub dağılır. Mən babam haqda arxiv sənədlər toplamışam. Babam 4 məscid, bir məktəb tikdirib. Bu tarixi abidələri saxlayıb qorumaq bizim borcumuzdur. Çox təəssüf ki, Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etsəm də cavabsız qalıb. Orada yaşı 3 əsrdən artıq olan qəbirstanlıq var. Ora da pis vəziyyətdədir. Babamın məzarı da uçulmuşdu. Onu öz gücümüzə bərpa etdik. Belə bir xeyriyyəçi insana qarşı niyə bu cür münasibət olmalıdır? Bu tarixi abidələri gələcək nəsillər üçün qorumaq lazımdır. Düzdür, babam zamanında neftdən pul qazanıb, amma qazandığı pullarla çox xeyriyyə işləri görüb. Bütün bunların qarşılığında babama münasibət belə olmalı idi?” deyə Hacı Soltan Əli Haşımovun nəvəsi bildirib.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib ki, məscid bərpa olunması üçün investisiya siyahısına salınıb:
“Tarixi abidədə uzun müddət təmir-bərpa işləri aparılmayıb. Məscidin bərpa olunaraq yenidən istifadəyə verilməsi gündəmdədir” deyə o bildirib.