AZ

"İranda öldürülən hərbi rəhbərlərin yerini kim tutacaq?" - İsrail KİV-i

 
"Siz müharibəyə başladınız, biz onu bitirəcəyik..."
 
İsrailin İranın hərbi rəhbərliyinə qarşı həyata keçirdiyi hücumlardan sonra ölkənin ali rəhbəri ayətullah Əli Xamenei əsas komandanların yerinə sürətlə yeni təyinatlar həyata keçirmək məcburiyyətində qaıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "detaly.co" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.
 
Müəllif yazır: "Son günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər heyətində ciddi dəyişikliklər baş verib. Öldürülənlər arasında İranın yüksək rütbəli komandiri general Məhəmməd Baqiri, onun əməliyyatlar üzrə müavini Mehdi Rabani və kəşfiyyat üzrə müavini Qulamhüseyn Mehrabi də var.
 
SEPAH həmçinin komandanlıq strukturunda bir sıra yüksək vəzifəli şəxslərini itirib, onların ən başlıcası isə qurumun rəhbəri Hüseyn Səlamidir. SEPAH-ın İranın geniş raket proqramına cavabdeh olan elit aerokosmik bölməsi Tehrandakı yeraltı bunkerdə keçirilən görüş zamanı səkkiz yüksək rütbəli komandanın öldürüldüyünü təsdiqləyib. Həlak olanlar arasında uzun illərdir aerokosmik bölməyə rəhbərlik edən general Əli Əkbər Hacizadə, eləcə də raket əleyhinə müdafiə və pilotsuz aparat bölmələrinin komandirləri də olub.
 
Yeni təyinatlar bunlardır:
 
Baş Qərargah - Əbdülrəhim Musəvi
 
Xamenei İran ordusunun baş komandanı Əbdülrəhim Musəvini Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. 65 yaşlı briqada generalı bu vəzifəyə təyin edilən ilk ordudan olan şəxsdir. Bundan əvvəl bu vəzifə yalnız SEPAH nümayəndələrinə həvalə olunub.
 
1959-cu ildə Qum şəhərində anadan olan Musəvi 1979-cu ildə İran ordusuna qoşulub və İran Milli Müdafiə Universitetində müdafiə elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1999-2005-ci illərdə İran Ordusunun Birləşmiş Qərargahının rəhbəri, 2008-2015-ci illərdə isə ordunun baş komandanının müavini olub.
 
2016-cı ildə Baş Qərargah rəisinin müavini təyin edilən Musəvi 2017-ci ildən etibarən ordunun baş komandanı vəzifəsini daşıyıb. O, həmçinin İmam Əli Hərbi Universitetinin rektoru, Ordunun Şimal-Şərq Komandanlığının rəhbəri və Ordunun Əməliyyatlar İdarəsinin müdiri vəzifələrində də çalışıb.
 
SEPAH - Məhəmməd Pakpur
 
Xamenei SEPAH-ın yeni rəhbəri postuna bu qurumda karyera qurmuş təcrübəli komandir Məhəmməd Pakpuru təyin edib. O, 16 il ərzində SEPAH-ın quru qoşunlarına rəhbərlik edib.
 
Pakpur sərhəd bölgələrindəki qeyri-sabitliklə mübarizə və assimetrik müharibə doktrinasının inkişafında ixtisaslaşıb. O, xüsusilə İran Kürdüstanında separatçı qruplara qarşı əməliyyatlara rəhbərlik edib. 1980-ci illərdəki İran-İraq müharibəsi zamanı ön cəbhədə bir neçə diviziyaya komandanlıq edib.
 
2009-cu ildə SEPAH quru qoşunlarının komandanı təyin edilərək, bu qüvvələrin modernləşdirilməsi və strategiyasının yenilənməsi işlərinə rəhbərlik edib. 2017-ci ildə İŞİD-in İran parlamentinə və İmam Xomeyni türbəsinə hücumları zamanı "Saberin" elit bölmələrinin səfərbər edilməsinə rəhbərlik edib. 2021-ci ildə Avropa İttifaqı Pakpura qarşı sanksiyalar tətbiq edib.
 
Ordu Baş Komandanı - Əmir Hatəmi
 
İranın ali rəhbəri Əmir Hatəmini general-polkovnik rütbəsinə yüksəldərək onu ordunun baş komandanı təyin edib.
 
59 yaşlı Hatəmi İran-İraq müharibəsində iştirak etmiş peşəkar hərbçidir. 2013–2021-ci illərdə ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Xameneinin rəsmi fərmanında onun "sədaqəti, peşəkarlığı və təcrübəsi" vurğulanır və rəhbərliyində "islahatçı və inqilabi yanaşma" gözlənildiyi qeyd olunur.
 
Hatəmi bəyan edib ki, onun rəhbərliyi altında İran ordusu "uşaq qatili olan saxta sionist rejimə (İsrailə) qəti və sarsıdıcı zərbələr endirəcək".
 
SEPAH Aerokosmik Qüvvələri - Seyyid Məcid Musəvi
 
Yeni aerokosmik qüvvələr komandanı briqada generalı Məcid Musəvidir. O, bu vəzifəyə 16 il ərzində bu struktura rəhbərlik etmiş general Əmir Əli Hacizadənin yerinə təyin olunub. Hacizadə 2025-ci il iyunun 13-də öldürülüb.
 
Musəvi İranın ballistik raketlərinin, pilotsuz sistemlərinin və Qərbin tənqid etdiyi kosmik buraxılış proqramlarının hazırlanmasında aparıcı fiqur hesab olunur. O, 2011-ci ildə raket anbarında baş verən partlayışda həlak olmuş Həsən Təhərani Muqəddəm - İranın "raket proqramının atası" ilə də sıx əməkdaşlıq edib.
 
Son zamanlar SEPAH Aerokosmik Qüvvələri komandirinin müavini kimi vəzifə daşıyıb və bu mövqe ona İranın ballistik raket proqramı, pilotsuz uçuş aparatları və hərbi kosmik texnologiyalar üzrə planlaşdırma və icrada birbaşa iştirak imkanı verib.
 
2024-cü ilin dekabrında ABŞ Maliyyə Nazirliyi İranın raket və pilotsuz imkanlarının inkişafında "birbaşa rolu" səbəbilə ona qarşı sanksiyalar tətbiq edib.
 
Cavab vəd edən komandanlıq
 
Təzə təyin olunmuş bütün komandirlər bəyan ediblər ki, İsrailə qarşı cavab tədbirləri qaçılmazdır. Ölkə boyu asılmış plakatlarda bu şüar yazılıb: "Siz müharibəyə başladınız, biz onu bitirəcəyik".
 
Müəllif: Aleksandra Appelberq
Seçilən
4
moderator.az

1Mənbələr