AZ

"İslam sürətlə yayılır, xristianlıq isə zəifləyir" - "The Washington Post"

 
"İslamın qısa zamanda dünyanın ən çox tərəfdarı olan dini olacağı ehtimalı artır..."
 
Son on il ərzində dünya dinlərində ciddi dəyişikliklər baş verib. Belə ki, dünyada xristianların sayı artmağa davam etsə də, bu artım dünya əhalisinin ümumi artım tempindən geri qalır. Əvəzində isə İslam dininin tərəfdarlarının sayı daha sürətlə artır və onun qlobal demoqrafik çəkisi nəzərəçarpacaq dərəcədə böyüyür.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Qəzetin "Pew Research Center" araşdırmasına istinadən yazdığına görə, 2010-2020-ci illər arasında xristianlıq dünyada ən böyük din olaraq qalsa da, onun dünya əhalisindəki payı 1,8 faiz bəndi azalaraq 28,8 faizə düşüb. Bunun əsas səbəbi kimi dinə olan marağın azalması göstərilir. Əvəzində, müsəlmanların sayı 1,8 faiz bəndi artaraq 25,6 faizə çatıb. İslam bu müddətdə ən sürətlə artan din olub.
 
Araşdırmanın aparıcı müəllifi Konrad Hakkett qeyd edir: "Cəmi on ildə dini mənzərədə bu qədər ciddi dəyişikliklərin baş verməsi təəccüblüdür. İslamın böyümə tempi digər bütün böyük dinləri geridə qoyub və müsəlmanlarla xristianların sayı artıq demək olar ki, bərabərləşib".
 
İslamın populyarlığına təsir edən əsas amillərdən biri müsəlman əhalisinin nisbətən daha gənc olmasıdır. 2020-ci ildə müsəlmanların orta yaşı 24, qeyri-müsəlmanların isə 33 olub. Bəzi regionlarda isə müsəlman ailələrdə doğum səviyyəsi daha yüksək, dindən uzaqlaşma səviyyəsi isə aşağıdır.
 
Hakkett deyir ki, "hər yeni xristian mömininə qarşı üç nəfər var ki, onlar xristian mühitində böyüsə də sonradan dindən uzaqlaşıb". Bu da xristianlığın zəifləməsinin əsas səbəblərindən biridir.
 
Hazırda xristianların ən böyük hissəsi - təxminən 31faizi Afrikanın Saxaraaltı bölgəsində yaşayır. Əvvəllər isə bu göstəriciyə görə Avropa birinci yerdə olub. Hakkett bunu həmin regionda yüksək doğum səviyyəsi və sürətli əhali artımı ilə izah edir. Avropada isə əksinə, yaşlı əhali üstünlük təşkil edir, doğum səviyyəsi aşağıdır və dinə maraq getdikcə azalır.
 
Xristianlıqdan uzaqlaşanların əhəmiyyətli hissəsi özünü heç bir dinə aid saymayan insanlar sırasına keçib. 2020-ci ildə dünya əhalisinin 24,2 faizi dini mənsubiyyətinin olmadığını bildirib - bu, 2010-cu illə müqayisədə artım deməkdir.
 
Əvvəllər düşünülürdü ki, ateistlərin sayı azalacaq, çünki onlar arasında yaşlanma və doğum göstəriciləri aşağıdır. Amma son illər xristianlıqdan uzaqlaşan insanların artması əksinə, dini mənsubiyyətsiz əhalinin sayını artırıb.
 
Dünya üzrə dini mənsubiyyətsizlərin əksəriyyəti Çindədir - 1,4 milyardlıq əhalinin təxminən 1,3 milyardı heç bir dinə mənsub olmadığını bildirir. Onu ABŞ (101 milyon) və Yaponiya (73 milyon) izləyir. Çində insanların çoxu müəyyən dini inanclara malik olsa da, cəmi 10 faizi özünü konkret bir dinin üzvü kimi qeyd edir.
 
Digər diqqətəlayiq dəyişiklik isə buddistlər arasında baş verib. 2010-cu ildə onların sayı 343 milyon idisə, 2020-ci ildə bu rəqəm 324 milyona düşüb. Bu, həm də aşağı doğum səviyyəsi və dini tərk etmə meyilləri ilə bağlıdır. Hinduların və yəhudilərin sayında isə əhalinin ümumi artım tempinə uyğun sabitlik müşahidə olunur.
 
Konrad Hakkett bildirir: "Bəzən hansısa bölgədə dini dirçəliş haqda danışılır, bu mümkündür. Amma on illik tədqiqatımız göstərir ki, qlobal miqyasda insanlar dinə daha az bağlı olurlar".
 
Hazırkı meyllər davam edərsə, İslamın qısa zamanda dünyanın ən çox tərəfdarı olan dini olacağı ehtimalı artır. Hakkett deyir ki, komanda hal-hazırda növbəti mərhələyə - bu dəyişimin nə zaman baş verəcəyinə dair demoqrafik proqnozlar üzərində işləyir.
Seçilən
9
moderator.az

1Mənbələr