“Deyə bilərəm ki, şah oğlunun hakimiyyət daxilində yox, xalq arasında müəyyən qədər tərəfdarları ola bilər...”
Xəbər verdiyimiz kimi, İsrailə bağlı bəzi saytlarda yayılan məlumata görə, İranın sonuncu şahının oğlu və vəliəhd şahzadə Rza Pəhləvi İsrailin bu ölkəyə hücumundan sonra yaranmış vəziyyətdən yararlanaraq İran xalqını hazırda küçələrdəki etiraz aksiyaları ilə rejimi devirməyə çağırıb. Bundan əlavə, bəzi mənbələr onun Amerikada İsrailin bir neçə nazirləri ilə görüşdüyünü və onlarla birgə fotolar da paylaşdığını bildirir. Xatırladaq ki, şahzadə Rza Pəhləvi 2023-cü ilin aprelində Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə, həmçinin İsrail prezidenti ilə də görüşüb.
Bəs görəsən, şahın varisini İran daxilində dəstəkləyən real qüvvələr varmı və onun bu çağırışını ciddiyə almaq mümkündürmü?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları dilə gətirib:
“1978-ci ildə İranda artıq inqilabi proseslər başlanan və ölkədə çox gərgin bir durum olduğu zaman mən SSRİ səfirliyinin əməkdaşı kimi Tehranda çalışırdım. Yadımdadır ki, o günlərdən birində jurnalistlərdən biri sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin 17-18 yaşlı oğlu Rza Pəhləvidən soruşdu ki, siz belə bir vəziyyətdə ölkəni idarə edə bilərsinizmi. Şahzadə nə cavab versə, yaxşıdır? O dedi ki, mən anadan olandan indiyədək məni bu iş üçün hazırlayıblar. Yəni şahlıq idarəçiliyinin qaydasına görə, şah atanın öldüyü halda hakimiyyətdə onu böyük oğlu əvəzləməlidir... Sözüm ondadır ki, əlbəttə, Rza Pəhləvinin indi də, İran ətrafında hədsiz bir gərginlik yarandığı bir dönəmdə də hakimiyyətə gələrək atasının rejimini bərpa edib davam etdirmək istəyi var...
Təbii sual meydana çıxır: bəs şahzadənin Tehranda hakimiyyətə qayıdışı üçün İran hakimiyyəti daxilində və xalq arasında real bazası, dayaqları varmı? Deyə bilərəm ki, şah oğlunun hakimiyyət daxilində yox, xalq arasında müəyyən qədər tərəfdarları ola bilər. Çünki son illərdə İranda müxtəlif sahələrdə güclü tənəzzül baş verdiyindən yaranmış durumu xalqın müəyyən təbələri, bəzi ziyalılar, xüsusən də yaşlılar şah dövrü ilə müqayisə etməyə başladı. Bu baxımdan tədricən bir qism İran vətəndaşlarının qəlbində şah rejimi xiffəti, nostaljisi yarandığından şahzadə Rza Pəhləviyə rəğbəti olanlar da meydana çıxıb...”
Sultan Laçın