AZ

Politoloq: Yaxın Şərqdəki qarşıdurma Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirib

Fuad Abbasov: Rusiya həm Ukraynada, həm də İranda güc sərf etmək məcburiyyətində qalır

Rusiya ordusu Ukraynanın enerji sisteminə hücum planlaşdırır. Bütün nəzərlər Yaxın Şərqdəki vəziyyətə yetirildiyi üçün bu hücum indi daha az diqqət çəkə bilər. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, müvafiq məlumatlar partnyor kəşfiyyat xidmətlərimizdə var. Xüsusilə Ukraynadakı nüvə generasiya infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən MAQATE-yə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri məlumatı ABŞ-dakı həmkarına çatdırıb. Prezidentin sözlərinə görə, Putinin ABŞ-a verdiyi bütün vədlərə baxmayaraq, enerji şəbəkəsi də daxil olmaqla, Rusiya mülki hədəflərə zərbələr endirməkdə davam edir.


Tanınmış jurnalist, politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, İran və İsrail arasında baş verən qarşıdurma Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirdi:

“Bu, ilk baxışda Rusiyanın da planı ola bilər. Çünki Rusiya çox yaxşı anlayır ki, İsrailə qarşı atılacaq istənilən addımda ABŞ onun tərəfində olacaq. Bu səbəbdən də İranı İsrailə qarşı müəyyən addımlar atmağa təşviq edərdi. Eyni zamanda bu, Amerikanın da təxribatı kimi də görünür. Belə ki, ABŞ İsrailə müəyyən təlimatlar verərək, onu İrana qarşı təxribat xarakterli addımlar atmağa sövq edə edərdi. Bu təxribatlar o həddə çata bilər ki, nəticədə Rusiya-Ukrayna qarşıdurması arxa plana keçsin. Yaddan çıxarmayaq ki, İranın nüvə proqramı rəsmi olaraq mülki və məişət məqsədli olsa da, bu proqram Rusiyanın iştirakı ilə qurulub. Rusiya İranın nüvə proqramında başdan sona qədər iştirak edib. Yəni bölgədə bir nüvə dövlətinin formalaşdırılması prosesi Rusiyanın nəzarəti altında gedir. Eyni zamanda, Ukraynanın nüvəsizləşdirilməsi prosesi də Rusiyanın iştirakı ilə baş tutub. Rusiya vaxtilə Ukraynaya heç vaxt hücum etməyəcəyi vədi ilə onun nüvə silahlarından imtina etməsinə nail oldu”.

Ekspert qeyd edib ki, bu gün nüvəsizləşdirilən Ukrayna ilə müharibə aparan Rusiya, nüvə potensialı olan İranı İsrailə qarşı təhrik edir:
“Rusiya tərəfindən Ukraynanın mülki və enerji infrastrukturuna davamlı hücumlar edilir. Ukrayna isə buna qarşı olaraq  Rusiyanın enerji obyektlərinə və nüvə infrastrukturuna zərbələr həyata keçirir. Bütün bu hadisələr isə İran-İsrail qarşıdurmasının kölgəsində qalır. Bu gün əminliklə deyə bilərik ki, Rusiya İranı poliqonunda ABŞ ilə mübarizə apardığı kimi, Vaşinqton da İsrail vasitəsilə Rusiya ilə savaşır. 
İranın Rusiyaya kiçik “Şahid” dronlarını verməsi fonunda, Rusiya da İrana hava hücumundan müdafiə sistemləri S-400 və S-500 sistemlərini təqdim edib. Bu texniki dəstək sayəsində İranın hava məkanı, xüsusən də paytaxt və əsas hərbi bölgələrin hava sahəsi İsrailin mümkün hücumlarına qarşı qorunur. Nəticədə, İsrail nə qədər İrana hücum etməyə çalışsa da, Tehran arxasına Rusiyanı alaraq bu hücumlara qarşı dayanır. Beləliklə, Rusiya ilə Qərb, xüsusilə də ABŞ arasında baş verən qarşıdurmanın yalnız Ukrayna cəbhəsində deyil, artıq Yaxın Şərqdə davam etdiyini müşahidə edirik. Bu ikinci cəbhənin nə qədər davam edəcəyi bəlli deyil. Amma aydın görünür ki, bu qarşıdurmalarla Rusiya həm Ukraynada, həm də İranda güc sərf etmək məcburiyyətində qalır. İki cəbhədə eyni vaxtda zəiflədilərək, nəticə etibarilə Rusiya məğlub duruma salınmağa çalışılır. Bu, sanki Rusiya qarşı planlanmış geniş bir strateji proqramın hissəsidir”.
Seçilən
4
sherg.az

1Mənbələr