Misli Premyer Liqasının 2024/2025 mövsümündə fiaskoya uğrayan "Neftçi"dən 10-cu futbolçu yola salınıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qambiyalı oyunçu ötən ilin avqustunda "ağ-qaralar"a transfer olunmuşdu. O, Bakı klubunun heyətində 19 rəsmi matç keçirib, 5 qol vurub.

Xatırladaq ki, bundan öncə "Neftçi" rəhbərliyi Robert Bauer, Rafael Quzzo, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə vidalaşdı.