AZ

Azərbaycanın quru sərhədləri niyə açılmır? – 5 il öncəki qərarın sirri indi çözülür

Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi də artıq açıq toqquşma mərhələsinə keçib. Hər iki cəbhədə vəziyyət gündən-günə daha da gərginləşir.

Xüsusilə İran daxilində ciddi narahatlıq müşahidə olunur. İsrailin intensiv hücumları və İranın eyni şiddətdə cavab zərbələri vəziyyəti daha da qəlizləşdirir. Sosial panika, iqtisadi çöküş, ərzaq və enerji çatışmazlığı ehtimalı, hərbi çağırışdan yayınma halları, eləcə də etnik və dini azlıqların təşvişə düşməsi regionu kütləvi miqrasiya riski ilə üz-üzə qoyur.

Artıq yüzlərlə İran vətəndaşı Pakistan və Türkiyəyə üz tutmağa başlayıb. Pakistanla sərhəddə yaranan izdiham o qədər böyüyüb ki, rəsmi İslamabad sərhədlərini bağlamağa məcbur qalıb. Türkiyənin sərhəd bölgələrində də vəziyyət fərqli deyil. Belə bir kontekstdə İranın qonşusu olan Azərbaycan da bu problemin birbaşa hədəfinə çevrilə bilər.

Lakin rəsmi Bakı bu təhlükəni zamanında və düzgün şəkildə qiymətləndirərək özünü bu riskdən sığortalayıb. 2020-ci ildən bəri Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin pandemiya dövrü artıq geridə qalsa da, sərhədlərin açılmaması, əslində, yeni bir təhlükəsizlik mərhələsinin başlanğıcına işarə edir. Reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir.

Müharibələrin yaratdığı hibrid təhdidlər və miqrasiya riskinin artması göstərir ki, bu qərar ölkənin milli təhlükəsizliyi üçün strateji zərurətdir. Sərhədlərin açılması bu məqamda bir sıra ciddi problemləri aktuallaşdıra bilər. İranla sərhəddə baş verə biləcək mümkün miqrasiya dalğası Azərbaycanda humanitar, siyasi, təhlükəsizlik və sosial-iqtisadi sahələrdə əlavə gərginliklərə yol aça bilər. Minlərlə insanın birdən ölkəyə daxil olması müvəqqəti yaşayış, səhiyyə, ərzaq təminatı və təhlükəsizlik sistemlərini yükləyə, hətta iflic edə bilər. 44 günlük müharibənin ardından ölkədə bərpa prosesi və “Böyük Qayıdış” layihəsi hələ yekunlaşmayıb. Belə bir həssas dönəmdə yeni və kütləvi axın dövlətin mövcud resurslarını kritik şəkildə zorlayar.

Hazırda Azərbaycanın iqtisadi imkanları, sosial təminat sistemi və dövlətin planlaşdırma gücü ölkə əhalisinin real sayına və ehtiyaclarına uyğun tənzimlənib. Əhalinin qəfil və plansız şəkildə artması bu sistemi sarsıda bilər.

Digər tərəfdən, İran daxilindəki xaotik vəziyyətdən istifadə edən müəyyən dairələr, xüsusilə xüsusi xidmət orqanları, öz agentlərini mühacir görüntüsü altında Azərbaycana yerləşdirməyə cəhd göstərə bilər. SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli şəxslərin ölkəyə daxil olaraq təxribat, casusluq və ideoloji təsir mexanizmləri qurmaq ehtimalı tamamilə realdır. Habelə Yaxın Şərqdə fəaliyyət göstərən silahlı şiə qrupları da mülki axınlar arasında gizlənərək sərhədi keçə bilərlər.

Seçilən
6
10
editor.az

10Mənbələr