AZ

Sərt və qəddar Pakpura etimad – Tehranın yeni seçimi (ŞOK DOSYE)

Pakpur SEPAH-ın yeni komandanı təyin edildi – İranda sərt xətt güclənir

İranda Məhəmməd Pakpurun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanı təyin edilməsi ölkə daxilində və beynəlxalq müstəvidə ciddi rezonansa səbəb olub. Bu təyinat, sabiq komandan Hüseyn Salamın həlak olmasından sonra baş tutub.

Musavat.com xəbər verir ki, Pakpur İran hərbi sistemində uzun illərdir mühüm mövqelərdə xidmət edib. 2009-cu ildən SEPAH-ın quru qoşunlarına rəhbərlik edib, daha əvvəl isə 31-ci “Aşura” briqadasının qərargah rəisi və SEPAH-ın əməliyyat idarəsinin sədr müavini olub. Onun hərbi karyerası 1980-ci illərdəki İran–İraq müharibəsi dövründə başlayıb və o, birbaşa döyüş təcrübəsinə malikdir.

Pakpur həm də siyasi coğrafiya üzrə doktorluq dərəcəsinə malikdir – dissertasiyasını Tehran Universitetində müdafiə edib.

Komandan kimi onun adı daha çox sərt və repressiv metodlarla tanınır. 2019-cu ilin noyabrında benzin qiymətlərinin artımına qarşı kütləvi etirazların amansızlıqla yatırılmasında Pakpurun rəhbərlik etdiyi qüvvələr birbaşa iştirak edib. Həmin hadisələr zamanı yüzlərlə dinc etirazçının öldürüldüyü bildirilir.

Pakpur həmçinin Suriyada vətəndaş müharibəsində İranın iştirakı ilə bağlı əməliyyatlara nəzarət edib. O, SEPAH-ın “Əl-Qüds” xüsusi qüvvələrinin fəaliyyətini koordinasiya edərək Bəşər Əsəd rejiminə hərbi dəstəyin əsas simalarından biri olub.

2019-cu ilin iyununda ABŞ Maliyyə Nazirliyi onu sanksiya siyahısına daxil edib. İnsan haqlarının pozulmasında və terrorizmin dəstəklənməsində ittiham olunaraq onun aktivləri dondurulub və ABŞ vətəndaşları ilə əlaqələri qadağan edilib. Eyni məhdudiyyətlər Böyük Britaniya, Kanada, AvstraliyaYaponiya tərəfindən də tətbiq olunub.

Mənbə: https://haqqin.az/news/351446

Toğrul İSMAYIL,
Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr