ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında gərginliyin azaldılmasına dair mühüm çağırışla “Yeddilik Qrupu”nun birgə bəyanatını imzalamağı planlaşdırmır. Bu barədə CNN məlumat yayıb.
Adı açıqlanmayan mənbə Trampın jurnalistlərə birgə bəyanatı imzalamaqdan imtina etmək planları barədə məlumat açıqlayıb. Onun sözlərinə görə, G7 sammitində Avropa rəsmiləri tərəfindən irəli sürülən bəyanat layihəsində İsrailin özünümüdafiə hüququ olduğu və İranın nüvə silahı əldə edə bilməyəcəyi qeyd olunub.
Ağ Evin sözçüsü nəşrə Trampın planları ilə bağlı şayiələri şərh edərkən deyib: "Prezident Trampın güclü rəhbərliyi altında ABŞ növbəti dəfə bütün dünyada sülhün bərqərar edilməsi səylərinə rəhbərlik edib. Prezident Tramp İranın nüvə silahı əldə edə bilməməsi üçün işləməyə davam edəcək".
Eyni zamanda, yüksək rütbəli Kanada rəsmisi CNN-ə verdiyi şərhdə Trampın birgə bəyanatı imzalamayacağı iddiasını təkzib edərək, bunun hələ də “açıq sual” olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az