AZ

AKİA sədri Naxçıvanda vətəndaşlarla görüşüb, fermer təsərrüfatlarına baş çəkib

 Bakı, 17 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin binasında Naxçıvan şəhəri və ətraf rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə müasir suvarma sistemlərinin alınmasına köməklik və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.

Qəbuldan sonra AKİA sədri Şərur rayonunun Qorçulu kəndində fermer Akif Əliyevin intensiv meyvə bağına baş çəkib, bağda aparılan mövsümi aqronomik tədbirlərlə tanış olub. Fermerlə görüş zamanı ölkəmizdə müasir bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib, bağda istehsal olunan məhsulun satışının təşkili istiqamətində müzakirələr aparılıb.

Yalçın Camalov daha sonra rayonun Zeyvə kəndində fermer Rasim Məmmədovun taxıl sahəsinə baş çəkib, sahədə biçinə hazırlıq prosesi ilə tanış olub.

Seçilən
13
2
azertag.az

3Mənbələr