AZ

Magistratura təhsili: Zərurət, yoxsa seçim?

Müasir dövrdə ali təhsil təkcə bakalavr pilləsi ilə məhdudlaşmır. Bir çox gənc bakalavr təhsilini başa vurduqdan sonra magistratura oxumaq barədə düşünür. Gənclərin bir qismi ölkə universitetlərində, bir qismi isə xaricdə sözügedən pillə üzrə təhsilni davam etdirir. Bəziləri üçün bu, peşəkar inkişafın təbii davamı, digərləri üçünsə sadəcə diplom əldə etmək arzusu olur. Bəs, doğrudanmı magistratura təhsili hamı üçün vacibdir?

 

Magistratura təhsilinin əsas məqsədi müəyyən sahədə elmi və nəzəri bilikləri dərinləşdirmək, peşəkar fəaliyyət üçün təkmil bacarıqlar formalaşdırmaqdır.

 

Akademiyada, universitetlərdə və elmi-tədqiqat müəssisələrində çalışmaq istəyənlər üçün magistratura zəruri şərtdir. Doktoranturaya keçid üçün də bu pillə mütləqdir.

 

Hüquq, tibb, mühəndislik, iqtisadiyyat, psixologiya və təhsil sahələrində daha ixtisaslaşmış biliklərə ehtiyac var. Magistr pilləsi həmin sahədə yüksək səviyyəli mütəxəssis olmaq imkanı yaradır. Qloballaşan dünyada təhsil və əmək bazarları arasında sərhədlər zəifləyib. Xarici şirkətlər və beynəlxalq təşkilatlar - BMT, Dünya Bankı, Aİ strukturları magistr diplomunu minimum tələb kimi qəbul edirlər. Bu səbəbdən magistratura təhsili almaq qlobal rəqabət üçün açar rolunu oynayır. Bəzi sahələrdə rəhbər vəzifələrə yüksəlmək üçün magistr təhsili kriteriya kimi qəbul edilir.

 

Magistr təhsili alan Pərvin Muradova deyir ki,  bu pillə üzrə təhsili sadəcə diplom uğrunda atılan bir addım deyil. Bu mərhələ insana daha dərindən düşünməyi, analiz etməyi, tənqidi yanaşma formalaşdırmağı öyrədir: “Özüm magistraturaya başladıqdan sonra fənlərə baxışım dəyişdi, dərslərdə artıq qiymət üçün deyil, anlamaq üçün iştirak etməyə başladım. Bakalavr təhsilimi bitirdikdən sonra düşünürdüm ki, artıq yetərlidir. Amma iş dünyasına addım atdıqca başa düşdüm ki, rəqabət çox sərtdir və sadəcə baza bilikləri ilə fərqlənmək çətindir. Magistratura pilləsində təhsil almaq özünü ifadə etmə bacarığını, müstəqil işləmək vərdişini və elmi yanaşmanı gücləndirir. Burada artıq müəllimlər sizi istiqamətləndirir, amma əsas işi siz görürsünüz. Bu isə insanda məsuliyyət hissini artırır. Əlavə olaraq, bu təhsil pilləsi sizə araşdırma aparmaq, layihələrdə iştirak etmək və gələcək doktorantura səviyyəsinə hazırlaşmaq imkanı verir. Mən bu mərhələdə həm də yeni dostlar, peşəkar əlaqələr və geniş dünyagörüş qazandım. Nəticə olaraq deyə bilərəm ki, magistratura oxumaq mənim üçün təkcə akademik yüksəliş deyil, şəxsi inkişaf yolumda atdığım ən mühüm addımlardan biri oldu”.

 

Xaricdə magistratura təhsili alan Kənan Quliyevin sözlərinə görə, hazırki dövrdə magistratura təhsili çox əhəmiyyətlidir: “Xaricdə magistr oxumaq mənim üçün yalnız diplom əldə etmək deyil, həm də özümü tapmaq, sərhədlərimi aşmaq və dünyaya fərqli baxmaq imkanı oldu. Bakalavr təhsilimi Azərbaycanda başa vurduqdan sonra qərara gəldim ki, magistr təhsilimi xaricdə davam etdirim. Bu seçim heç də asan olmadı - həm ailəmdən uzaq qalmaq qorxusu, həm yeni mühitə uyğunlaşmaq çətinliyi, həm də dil baryeri məni düşündürürdü. Amma bu gün geriyə baxanda, deyə bilərəm ki, bu, həyatımın ən doğru qərarlarından biri olub. Xaricdə magistratura təhsili mənə çox şey öyrətdi. Tədris keyfiyyəti və fərqli yanaşmalar. Burada dərslər təkcə mühazirə dinləmək deyil - praktiki layihələr, tənqidi təhlil və komanda işi əsas yer tutur. Müəllimlər tələbənin sual verməsini və fərqli düşünməsini təşviq edir. Fərqli ölkələrdən gəlmiş tələbələrlə oxumaq, fərqli mədəniyyətlər və dünya baxışları ilə tanış olmaq insana dünyagörüş və tolerantlıq qazandırır. Bəzən sinifdə eyni məsələyə müxtəlif ölkələrdən gəlmiş tələbələrin fərqli yanaşmalarını görmək mənə çox şey öyrətdi. Xaricdə oxumaq insana təkcə akademik deyil, şəxsi inkişaf da verir. Öz işlərini planlamaq, vaxtı düzgün bölmək, qərar vermə bacarığı burada formalaşır. Xarici universitetdə oxumaq təkcə təhsillə bitmir. Burada internship proqramları, şirkət bağlantıları və qlobal əmək bazarına çıxış imkanı da mövcuddur. Mən hazırda yerli bir şirkətdə təcrübə keçir və eyni zamanda gələcək işim üçün real bağlantılar qururam”.

 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda elmi işlərlə bağlı adımızdan bəhs etdirmək deməkdir: “Əslində çoxları magistratura təhsilini boş sayır. Amma onlar unudurlar ki, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan çox şey öyrənirik”.

 

Son illərin statistikasınada nəzər yetirsək görərik ki, tələbələrin yarısı magistr təhsil almaq üçün xaricə üz tuturlar: “Burada isə ən vacib səbəb xaricdə təhsilin yüksək səviyyədə olmasıdır. İstər təhsilin yüksək səviyyədə olması ilə, istərsə də tədrisin müasir texnologiya ilə savadlı və peşəkar pedaqoqlar tərəfindən təşkil olunması azərbaycanlı tələbələrin xaricdə təhsilə üz tutmasına səbəb olur. xaricdə magistr təhsili almaq, işə qəbul zamanı əlavə üstünlüklər yarada bilir. Xaricdə təhsil alan tələbələr həm fərqli təhsil sistemləri, həm də beynəlxalq təcrübələr qazanır. Onlar müxtəlif mədəniyyətlərdə işləməyi öyrənir, qlobal baxış və yanaşmalar əldə edirlər ki, bu da işəgötürənlər üçün böyük əhəmiyyət kəsb edir. Xaricdə təhsil alan magistr tələbələri həm də qlobal tələblərə uyğun ixtisaslı kadr kimi qəbul olunduqları üçün, özəlliklə beynəlxalq şirkətlərdə və ya böyük korporasiyalarda işə qəbul zamanı rəqabət üstünlüyünə sahib olurlar. Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir. Bəzi tələbələrin arzusu isə akademik fəaliyyətlə məşğul olmaq və universitetdə qalıb pedaqoq olmaqdır. Bu zaman tələbə mütləq şəkildə magistr təhsili almalı və daha sonra tələbə tezisini müdafiə etməlidir”.

 

Ekspertin sözlərinə görə, bəzi hallarda gənclər ixtisaslarını dəyişmək üçün magistr təhsili almaq istəyirlər:  “Buna səbəb isə çox zaman o olur ki, abituriyent vaxtı gənclər tələbə adını qazanmanın sevinc və həyəcanı ilə düzgün ixtisas seçimi edə bilmirlər. Bu halda isə ya ixtisas seçimini “balım hara uyğundursa o ixtisasa qəbul olum” düşüncəsi ilə, ya da çox təəssüf ki bəzən valideynlərinin təzyiq və israrı ilə, onların istədikləri ixtisasa qəbul olub təhsillərini davam etdirirlər. Bu zaman isə bakalavr təhsillərini bitirib öz istədikləri ixtisasa uyğun olaraq magistr təhsili alırlar. Bakalavriat təhsili başa çatmış şəxslər ali təhsilli adlanır. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmov vurğulayıb ki, bəzi dünya ölkələrində müəllim işləmək üçün magistratura təhsilinin olması şərtdir: “Müəllimliyin rəqabət olduğu ölkələrdə magistratura təhsili almaq vacibdir. Məsələn Finlandiyada, Estoniyada bu belədir. Magistratura “magister” yəni ustalaşmaq mənasını verir. Ona görə də bu təhsil elmi fəaliyyət üçün ola da bilər, olmaya da bilər. Çünki bir insan öz peşəsində ustalaşdıqdan sonra elmi tədqiqatla məşğul olmaq istəyirsə, doktoranturaya davam edəcək, yox əgər istəmirsə, o zaman peşəsinə davam edəcək”.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə əsasən, magistrantlar çox olarsa, əmək bazarında da savadlı, peşəkar kadrların sayı daha da artacaq: “Təhsilin ardıcıllığını təmin etmək üçün atılan bu addım çox mütərəqqidir. Rəqabət mühitinin formalaşmasını təqdir edirəm. Gənclər nə qədər təhsilə can atsalar, o qədər yaxşıdır. Magistratura həm elmi-tədqiqat, həm də bütövlükdə ali təhsilin tamamlanmş formasıdır. Magistr təhsili alan şəxslər öz sahələrində daha yüksək peşəkar bilik və bacarıqlar əldə edirlər. Bu, onların ixtisaslaşmalarını dərinləşdirir və eyni zamanda işəgötürənlər üçün cəlbedici edir. Çünki magistr təhsili alanlar daha çox tədqiqat yönümlü, dərin təhlil etmə bacarıqlarına malik olur və problemlərin həllinə daha kompleks yanaşa bilirlər. Magistr pilləsində təhsil alan tələbələr elmi araşdırmalara daha çox diqqət yetirdiyi üçün analitik düşüncə və tənqidi təhlil bacarıqları inkişaf edir ki, bu da gələcəkdə həm akademik sahədə, həm də iş dünyasında böyük üstünlük qazandırır”.

 

İ.Orucov qeyd edib ki, magistraturaya plan yerlərinin sayı artırılmalıdır: “Gənclərin təhsil almaları ilə bağlı iddialarını ortaya qoymaları bununla bağlıdır. Düşünürlər ki, nə qədər təhsilli olsalar, o qədər üstünlükləri olacaq. Doğrudan da, bu kimi məsələlərdə rəqabət mühitinin olması - ən yaxşılarının seçimi olacaq. Azərbaycanda əksər tələbələr magistr təhsili üçün Avropa ölkələrinə üz tuturlar. Bu da üstünlükdür”.

 

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, magistratura üzrə təhsil bəzi istiqamətlərdə tələb olunur. Amma bəzi tələbələrimiz də artıq magistratura üzrə təhsillərini davam etdirməkdə maraqlıdırlar: "Məqsəd ya elmi işlərini davam etdirmək, yaxud da hər hansı bir istiqamət üzrə magistr təhsili tələbi qoyulanda artıq bu parametrlərə cavab verdiklərini sübut etmək üçün magistratura təhsilini alırlar. Gələcəkdə gözlənti ondan ibarətdir ki, artıq pedoqoji yönümlü ixtisaslarda bir neçə il sonra təkcə bakalavr təhsili deyil, magistratura pilləsini bitirmələri barədə tələb də qoyulacaq. Bundan əlavə bir sıra şəxslər də magistratura təhsilini bir növ ixtisasını dəyişmək kimi düşünür. Nəzər salsaq, son illər ərzində fərqli-fərqli ixtisaslarda təhsil alanlar, magistratura təhsilini seçərək fərqli ikinci bir təhsilə malik olurlar. Yəni burda maliyə, biznes, kibertəhlükəsizlik, komputer təhlükəsizliyi və s. ixtisaslara yiyələnirlər. Magistratura pilləsində  təhsil almaq bəzi iş yerlərində hətda əlavə gəlir də qazandırır".

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, Azərbaycanda gənclərin çoxu magistratura pilləsi üzrə təhsil almaq istəmir. Onlar bizim universitetlərdə təhsildən narazıdırlar, ona görə də xarici ölkələrə üz tuturlar. Gənclərin Azərbaycanda təhsili almasına stimul yaratmaq üçün magistraturaya qəbul imtahanı ləğv edilməlidir. Magistraturaya tələbə qəbulu universitetlərin, fakültələrin elmi şurasının qərarı ilə müəyyənləşməlidir.Gəncləri bir neçə mərhələli imtahanla incitmək nəyə lazım? Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, əksinə şərait yaratmalıyıq.

 

Professorun söylədiyinə görə, ölkənin inkişafını istəməyənlər bu sahərdə əngəlləri daha da artırır: “İllər əvvəl hər professor 3-4 diplomçuya rəhbərlik edərdi. Bu diplomçulardan kimin elmə həvəsi, qabiliyyəti yüksək olardısa, rəhbər onu magistr kimi seçər və bu haqda kafedraya məlumat verərdi. Magistri dekan, kafedra müdiri deyil, onu diplom rəhbəri imtahansız-filansız özü seçərdi. Magistrlərə əlavə baryerlərin yaradılması, magistraturaya qəbulun imtahanla aparmılması milli mənafe və məntiqə ziddir. Bu işi universitetlərin öz ixtiyarına buraxmaq lazımdır. Vaxt alan, heç bir əhəmiyyəti olmayan magistraturaya qəbul imtahanını ləğv etmək, bilikli, bacarıqlı, potensiallı gənclərin təhsil almsına şərait yaratmaq lazımdır. Sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur.​ Çünki indi "soyuq müharibə" dövrü deyil. Biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur”.

 

Nərmin Qarazadə

Seçilən
5
azedu.az

1Mənbələr