AZ

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Bakı, 17 iyun, AZƏRTAC

Hər il iyunun 17-də bütün dünyada qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü 1994-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib (49/115 saylı qətnamə). Bayramın tarixi Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının 1994-cü il iyunun 17-də qəbul edilməsinin ildönümü ilə əlaqədar seçilib.

AZƏRTAC xəbər verir ki, Konvensiya dövlətlərdən bu günün tədbirlərini səhralaşmaya və quraqlığın nəticələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyi haqqında məlumatlılığın artırılmasına, habelə Səhralaşma ilə Mübarizə üzrə Konvensiyanın müddəalarının həyata keçirilməsinə həsr etməyi tələb edirdi.

BMT Baş Assambleyası, həmçinin 2010-cu ilin yanvarından 2020-ci ilin dekabrına qədər olan dövrü BMT-nin Səhralar və Səhralaşmaya Qarşı Mübarizə Onilliyi elan edib. Onun məqsədi quru ərazilərin qorunması üzrə fəaliyyətləri təşviq etməkdir (2007-ci il 62/195 saylı qətnamə).

Səhralaşma dövrümüzün ən narahatedici qlobal ekoloji deqradasiya proseslərindən biridir. Dünyadakı bütün torpaq ehtiyatlarının 40 faizə qədəri artıq deqradasiyaya uğramış hesab olunur ki, bu da müvafiq olaraq 1 milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir.

Quraqlıq geniş yayılmış məhsul çatışmazlığı, meşə yanğınları və su qıtlığı kimi təsirlər səbəbindən insan itkisi baxımından ən dağıdıcı təbii fəlakətlərdən biridir. Torpağın deqradasiyası və iqlim dəyişikliyinin təsirindən kəskinləşən quraqlıqlar 2000-ci ilə nisbətən 29 faiz daha tez-tez və şiddətli olur, hər il 55 milyon insana təsir göstərir. 2050-ci ilə qədər quraqlıqlar dünya əhalisinin təxminən dörddə üçünə təsir edə bilər.

Axı sağlam torpaq bizi nəinki 95 faiz qida ilə təmin edir, hətta o, bizi geyindirir və sığınacaq verir, bizi işləməyimizi və dolanışığımızı təşkil edir, artan quraqlıqlardan, sellərdən, meşə yanğınlarından qoruyur.

Səhralaşma beynəlxalq ekoloji təhlükəsizlik, yoxsulluğun aradan qaldırılması səyləri, sosial-iqtisadi sabitlik və davamlı inkişaf üçün ciddi fəsadları olan qlobal əhəmiyyət kəsb edən aktual problemdir. Səhralaşma və quraqlıq ərzaq təhlükəsizliyi, aclıq və yoxsulluqla nəticələnir. Nəticədə yaranan sosial, iqtisadi və siyasi gərginlik münaqişələrə, daha da yoxsullaşmaya və torpaqların deqradasiyasının artmasına səbəb ola bilər. Dünyada səhralaşmanın artması milyonlarla yoxsul insanı yeni sığınacaq və dolanışıq vasitələri axtarmağa məcbur etmək təhlükəsi yaradır.

Səhralaşmanın azaldılmasına nə kömək edə bilər:

- Meşələrin bərpası, sudan qənaətli istifadə, təmizlənmiş suyun təkrar istifadəsi, yağış suyunun yığılması, duzsuzlaşdırılması və ya duza davamlı bitkilər üçün dəniz suyunun birbaşa istifadəsi, külək qoruyucuları və xüsusi qum maneələrindən istifadə etməklə torpağın sabitləşdirilməsi, torpağın zənginləşdirilməsi, ağacların və kolların kötüklərdən, köklərdən və toxumlardan sistematik şəkildə bərpasından ibarət olan təbii torpaq regenerasiyası üsulu.

Qeyd edək ki, "Torpağı bərpa edin. Fürsətləri açın" mövzusu altında keçirilən gün təbiətin təməlinin necə bərpa olunacağına işıq saçır – torpaq-iş yerləri yarada, ərzaq və su təhlükəsizliyini artıra, iqlim fəaliyyətinə dəstək verə və iqtisadi dayanıqlılığı artıra bilər.

Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Seçilən
14
2
azertag.az

3Mənbələr