AZ

İsrail beynəlxalq hüququ pozur - İranın BMT-dəki nümayandəsi

BAKI,TurkicWorld

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani, İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları "terrorçu və cinayətkar təcavüz" adlandıraraq, bu hücumların bütün beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozduğunu bildirib.

TurkicWorld xəbər verir ki, İravani bu barədə, Nyu-Yorkda jurnalistlərə verdiyi bəyanatda deyib.

“İsrailin hücumu bütün qırmızı xətləri keçib. Bu, beynəlxalq hüququn, xüsusilə də BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”- deyə o bildirib.

İranlı diplomatın sözlərinə görə, hücumlar zamanı beynəlxalq nəzarət altında fəaliyyət göstərən sülh məqsədli nüvə obyektləri, o cümlədən Natanz və digər şəhərlərdəki infrastrukturlar qəsdən hədəf alınıb. Hücum nəticəsində radioaktiv maddələrin sızması təhlükəsi yaranıb, lakin İran tərəfinin təcili müdaxiləsi bu riski önləyib.

İravani qeyd edib ki, hücumlar nəticəsində indiyədək 224-ü qadın və uşaq olmaqla 1481 nəfər ölüb və yaralanıb. Tehran şəhərindəki bir yaşayış binasına edilən hücum nəticəsində 20 uşaq həlak olub.

İsrailin yalnız hərbi hədəflərlə kifayətlənmədiyini bildirən İran rəsmisi, Asaluyeh neftayırma zavodu, su anbarları, yanacaq depoları və xəstəxanaların da hücuma məruz qaldığını deyib. Eyni zamanda, İran dövlət televiziya qurumu IRIB-in canlı yayımı zamanı redaksiyasına hücum edildiyi də açıqlanıb.

İravani bu hadisəni "mətbuat azadlığına qarşı açıq hücum və müharibə cinayəti" kimi qiymətləndirib.

Diplomat bildirib ki, İran İsrailin hücumlarına qarşı BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə hüququndan istifadə edib.

“Bizim cavablarımız hərbi obyektlərə yönəlib və proporsional şəkildə həyata keçirilib. İran müharibə istəmir, amma suverenliyini və əhalisini qorumaqda qərarlıdır” – deyə İravani bildirib.

İranlı diplomat əlavə edib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasına yenidən məktub göndərərək aşağıdakı tələbləri irəli sürüb:

İsrailin təcavüzünü qınamaq
Aqressorun və onun dəstəkçilərinin məsuliyyətə cəlb edilməsi
Gələcək hücumların qarşısını almaq üçün təcili tədbirlər görmək

“BMT Təhlükəsizlik Şurasının susqunluğu beynəlxalq hüququ zəiflədir, təcavüzkarı cəsarətləndirir və şuranın nüfuzuna zərbə vurur” – deyə İravani vurğulayıb.

Seçilən
2
turkic.world

1Mənbələr