AZ

Biruşaqlı ailə modeli son vaxtlar ölkəmizdə niyə geniş yayılıb? - MÜNASİBƏT BİLDİRİLDİ

“Son 40 il ərzində dünyanın müxtəlif bölgələrində istər xristian, istər müsəlman, istərsə də digər dinlərə mənsub ölkələrdə — ailələr çoxuşaqlı olurdu. Xüsusilə sosialist idarəetmə sisteminə malik bir neçə böyük ölkədə vətəndaşların sosial vəziyyəti çox fərqlənmirdi. Gəlirlər və yaşam səviyyəsi əsasən bərabər idi. Bu quruluşda ailələr çoxuşaqlı olur, övladlar təhsil alır və müəyyən peşələrə sahib olurdular”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “Kapitalist quruluşda vəziyyət bir qədər fərqlidir. Bu sistemdə əsas prinsip bazar iqtisadiyyatıdır — yəni, “bacarırsan, daha çox qazan” prinsipi işləyir. Burada çox işləmək daha çox gəlir əldə etmək imkanı verir. Maddi vəziyyət kəskin fərqlənir, ciddi təbəqələşmə mövcuddur. Təhsil, yaxşı mənzil və digər sosial imkanlar maddi vəziyyətdən asılıdır. Maddi vəziyyəti zəif olan ailələr övladlarına yaxşı təhsil verə bilməmək və onların maddi ehtiyaclarını qarşılayamamaq qorxusundan daha çox zaman iki övladla kifayətlənirlər. Maddi imkanları yaxşı olanlar isə ailəyə vaxt ayıra bilmədikləri üçün iki, ən çoxu üç övlada sahib olurlar. Nəticədə, bu mənfi tendensiya demoqrafik problemlərə yol açır.

Bundan əlavə, Avropadan gələn ailə modeli nümunəsi də bu vəziyyətə təsir edir. Son 30 ildə Avropada bir uşaqlı ailələrin sayı artıb. Hətta bəzi cütlüklər bir uşağa belə ayırdıqları vaxtı itki hesab edir, ona görə də daha çox it saxlayırlar, çünki itlərin təhsili və digər xərcləri yoxdur.

Təəssüf ki, cəmiyyətimizdə də iki uşaqlı ailələr üstünlük təşkil edir. Bunun əsas səbəblərindən biri insanların maddi rifahının aşağı olmasıdır. İnsanlar övladlarına kifayət qədər maddi imkanlar təmin edə bilməmək, onlara yaxşı təhsil verə bilməmək qorxusundan ailə sayını məhdudlaşdırırlar.
Bu vəziyyət dövlətlərin daxili siyasətinə də uyğun deyil. Buna görə də, bir çox ölkələr problemi həll etmək məqsədilə uşaq pulu və çoxuşaqlı ailələrə yardımlar təyin ediblər. Məsələn, Rusiyada bu problemin aradan qaldırılması üçün büdcədən ciddi vəsait ayrılır.

Az uşaqlı ailələr problemi artıq ciddi sosial və iqtisadi məsələdir. Onun qarşısını almaq üçün dövlətlər uşaq pulu, çoxuşaqlı ailələrə müxtəlif müavinətlər verməlidirlər. Əks halda, əhali sayı azalacaq və demoqrafik vəziyyət yaxın 40 ildə ağırlaşacaq.

Biz İnanclı ailələrə nəzər saldıqda, onların 4-5 övladlarının olduğunu görürük. Burada iman əsas rol oynayır. Belə ailələr Peyğəmbərin “Evlənin, çoxalın” hədisinə söykənirlər. Onlar ruzi verənin Allah olduğuna inanır və övlad sayının çoxluğundan çəkinmirlər. İnanclı ailələr arasında abortun haram olması da çoxuşaqlı ailələrin sayının çox olmasının səbəblərindəndir”.

Ayşən Vəli

Seçilən
11
1
sia.az

2Mənbələr