AZ

Ekspert: “MTK-nın vətəndaşa “mənə pul və etibarnamə ver, sənə çıxarış alım” deməsi qanunla icazəli deyil”

“MTK-ların “kupça” – çıxarış almaq üçün mənzil sahiblərindən etibarnamə istəmələri qanunaziddir, düzgün deyil. MTK-lara hər hansı etibarnamə verilməsi bütün mənzil hüquqlarının kiməsə verilməsi deməkdir. Yəni etibarnamə kimə verilirsə, həmin adam mənzili başqasına sata, girov qoya bilər. Vətəndaşlar belə məsələlərdə diqqətli olmalıdırlar. Əks halda, sonradan çıxılmaz vəziyyətdə qalar, öz halal əmlaklarından əllərini üzməyə məcbur olarlar. Bəzi hallarda mənzilin bütün hüquqlarını deyil, MTK-ya hansısa sənədin düzəldilməsinə dair hüququ əks etdirən etibarnamə verilə, məhdudiyyətlər qoyula bilər. Bu zaman etibarnamədə mənzilin satışı, girov qoyulması və digər məqamların qadağan edilməsi mümkündür. Yəni açıq-aydın göstərilməlidir ki, etibarnamə MTK-ya nə üçün verilir və MTK-nın mənzil üzərində hansı prosesləri həyata keçirmək səlahiyyəti var. Ümumiyyətlə, vətəndaş yalnız özü istəyərsə, könüllü şəkildə MTK-ya, yaxud hər hansı hüquq məsləhətçisinə, şəxsi tanışına, yaxınlarına belə etibarnamə verə bilər. Kiməsə etibarnamə verərkən notariuslarda məsul şəxslərlə məsləhətləşmək lazımdır ki, hansı səlahiyyətləri etibarnamədə qeyd etmək olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

 

Ekspert

 

“Əslində, qayda belədir ki, tikinti şirkəti bütün bina üçün çıxarış aldıqdan sonra digər vətəndaşlar özləri ASAN Xidmətə, yaxud əmlak xidmətlərinə müraciət etməklə çıxarışlarını əldə edə bilərlər. Bu zaman dövlət rüsumu tətbiq edilir. Belə halda heç bir MTK-nın vasitəçiliyi olmadan çıxarışları vətəndaşlar birbaşa özləri əldə edirlər. Məsələn, MTK-nın vətəndaşa “mənə yeddi yüz manat ver, gedim sənə çıxarış alım” deməsi qanunla icazəli deyil. Bu, “qara bazar” deyil ki, kimdənsə xahiş etməklə iş həll olunsun. Açıq-aşkar qanun pozuntusudur. Çünki dövlətin təyin etdiyi rüsumlar var. Sənədləri heç bir ödəniş almadan vətəndaşa təqdim etmək MTK-nın borcudur. MTK vətəndaşa çıxarış ala bilməsi üçün maliyyə arayışı, protokoldan çıxarış, evin eskiz layihəsi və digər müvafiq sənədləri verməlidir. MTK bütün binaya çıxarış alıbsa, sakin həmin sənədlərlə mənzilinə “kupça” və texniki pasport ala bilər. Vətəndaşın MTK-ya borcu varsa, məsələn, kommunal xərclərlə bağlı, bu da qanuni yollarla tələb edilməlidir. Adətən yeni tikilən binalarda kommunal xərclər, inzibati işlər üçün pul yığılır. Tikinti şirkəti bütün normativlərə uyğun bina tikibsə, bütün müvafiq qurumlar tərəfindən yoxlanıldıqdan sonra çatışmazlıqların aradan qaldırılması üçün MTK-ya vaxt verilir, binaya yenidən baxış keçirilir. Hər şey qaydasındadırsa, dövlət qurumlarının rəyi nəticəsində çıxarış alınmasına şərait yaradılır. Bütün bu işlərin hamısı MTK-ların öhdəsindədir. Sakinlərdən heç bir pul yığıla bilməz. Vətəndaş mənzili alarkən müqavilədə hər şey göstərilir və burada çıxarışa dair də bənd mövcuddur”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyun 2025, 10:36   
Seçilən
13
1
pravda.az

2Mənbələr