AZ

İranın yeni hərbi rəhbəri zərərsizləşdirilib - İsrail

BAKI, TurkicWorld

İranın yeni Baş Qərargah rəisi Əli Şadmani öldürüldüyü iddia edilir.

TurkicWorld xəbər verir ki, İsrail ordusu İranın yeni təyin olunmuş Baş Qərargah rəisi general Əli Şadmaninin hədəf alınaraq öldürüldüyünü iddia edib.

Belə ki, İsrail ordusu İrandan atılan yeni raketləri aşkarladığını və hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirmək üçün aktivləşdirildiyini açıqlayıb.

Ordunun bəyanatında əhalinin sığınacaqlara yönəldiyi və Daxili Cəbhə Komandanlığının təlimatlarına ciddi şəkildə əməl olunmasının vacibliyi qeyd olunub. İsrail mətbuatı ölkənin mərkəzi və şimal bölgələrində həyəcan siqnallarının səsləndiyini yazıb.

Son hücumlar zamanı İranın yeni Baş Qərargah rəisi Əli Şadmaninin də həlak olduğu bildirilir. Xatırladaq ki, əvvəlki Baş Qərargah rəisi də İsrailin hücumları zamanı ölmüşdü.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın bir sıra şəhərlərində yerləşən nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı genişmiqyaslı hava zərbələri endirib. Bu hücumlar nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də daxil olmaqla çoxsaylı yüksək vəzifəli şəxs həlak olub. Rəsmi məlumata görə, mülki itkilərin sayı 224 nəfərə çatıb.

İranın cavab hücumları çərçivəsində İsrailə atılan ballistik raketlər 24 nəfərin ölümünə, 500-dən çox insanın isə yaralanmasına səbəb olub. Hadisələrə reaksiya olaraq başda Türkiyə olmaqla, bir çox ölkə İsraili qınayıb.

Seçilən
9
turkic.world

1Mənbələr