AZ

İkinci cəhd imtahanında 700 bal GÖZLƏNİLİR

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhdinin nəticələri ötən həftə açıqlanıb. İmtahanda 700 bal toplayan olmayıb. I və IV qrupların nəticələrinin isə bu həftə elan ediləcəyi gözlənilir.

Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, budəfəki imtahan nəticələrində maksimum nəticə göstərən abituriyentlərin olmaması bir sıra səbəblərlə bağlıdır:

“Maksimum nəticə göstərməyən abituriyentlərin olmamasının əsas səbəbi abituryentlərin imtahanda daha çətin proqramla üz-üzə qalmaları olub. Eyni zamanda, imtahanın gedişatında təqdim olunan 66 qapalı sualda hər fənn üzrə səhv olma ehtimalı da doğru cavabların nəticəsinə təsir edir. Bu da abituriyentlərin maksimum nəticə göstərməsinə mane olur. Məsələn, II qrup üzrə maksimum nəticə 680 bal, III ixtisas qrupu üzrə isə 697.5 bal təşkil edib. Burada 2 və ya 5 bal fərqlər məhz həmin səhv cavablandırılmış suallarla bağlıdır”.

Ekspert qeyd edir ki, bu il abituriyentlər əvvəlki illərlə müqayisədə daha hazırlıqlı görünürlər:

“Onlar əvvəlki illərə nisbətən buraxılış imtahanında da yüksək nəticə əldə ediblər. Ümumilikdə, buraxılış imtahanı üzrə göstəricilər ötən illə müqayisədə daha yüksəkdir. Belə ki, ötən il buraxılış imtahanında toplanan ortalama bal 230 idisə, bu il bu göstərici 232.3 bal təşkil edir. Blok imtahanlarında isə builki nəticələrlə ötənilki nəticələr arasında ciddi fərq yoxdur, bəzi istiqamətlər üzrə cüzi artım müşahidə olunur”.

Elçin Əfəndi ikinci cəhd zamanı maksimum nəticələrin qeydə alınmasının mümkün olduğunu da istisna etmir:

“Qarşıda hələ ikinci cəhd imtahanı var. Bu mərhələdə biz maksimum nəticə göstərən abituriyentləri görə bilərik. Bu da o halda mümkündür ki, imtahan sualları abituriyentlər üçün daha əlçatan olsun və doğru cavab vermək baxımından əsas amillər nəzərə alınsın. Ümid edirəm ki, Dövlət İmtahan Mərkəzi bu amilləri dəyərləndirəcək və ikinci cəhd imtahanında daha çətin və çoxşaxəli suallar təqdim etməyəcək”.

Ekspert əlavə edib ki, əgər ikinci mərhələdə də eyni vəziyyət müşahidə olunarsa, bu zaman vəziyyəti abituriyentlərin say çoxluğu kontekstində təhlil etmək lazım gələcək: “Təbii ki, hazırda bütün qruplar üzrə statistikalar göstərir ki, əvvəlki illərlə müqayisədə abituriyentlərin sayı daha çoxdur. Bu isə bəzi ixtisas qruplarında keçid ballarının artacağı anlamına gəlir”.
 

Seçilən
2
1
modern.az

2Mənbələr