Bakı və Abşeron yarımadasının bir çox ərazilərində içməli suyun verilməsində yaranan fasilə əhalinin narahatlığına səbəb olub. Qeyd edilib ki, səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəzadır.
Vəziyyət nə zaman tamamilə düzələcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, qəzanın aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir:
“Şənbə günü baş verən qəza səbəbindən suyun verilməsində problemlər yaranıb. Hazırda hadisə yerində intensiv bərpa işləri görülür. Hətta xeyli hissəsi artıq tamamlanıb. Texnoloji qaydalara uyğun görülən işlər başa çatdıqdan sonra iyunun 20-dən etibarən suyun verilişi əvvəlki rejimdə tam bərpa olunacaq”.
Bildirilib ki, bərpa prosesi tam yekunlaşana qədər əhali müvəqqəti olaraq məhdudiyyətli şəkildə su ilə təmin olunur.