AZ

İsrail İrana qarşı sürpiz hazırlayır – HƏMİN VAXTA 2 GÜN QALIB

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter bildirib ki, İsrail hökuməti İrana qarşı yeni və daha mürəkkəb bir hərbi əməliyyata hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə o, ABŞ-ın “Merit Street” telekanalına açıqlama verib.

Leyterin sözlərinə görə, bu yeni əməliyyat, 2024-cü ildə Livanda “Hizbullah” təşkilatının üzvlərinə qarşı həyata keçirilən “peycer hücumu” ilə müqayisədə “demək olar ki, sadə görünəcək”:

“Biz bir neçə sürpriz hazırlamışıq. Toz-duman çəkiləndə, cümə axşamı və ya cümə günü siz bu sürprizlərin şahidi olacaqsınız”.

Xatırladaq ki, 2024-cü ilin 17 və 18 sentyabr tarixlərində Livanın müxtəlif bölgələrində, əsasən Hizbullah üzvlərinə aid olan əlaqə qurğuları – peycerlər və rabitə radioları partladılmışdı. Həmin hücumlar nəticəsində 37 nəfər həlak olmuş, 3000-dən çox insan yaralanmışdı.

Livandakı rəsmi mənbələr və “Hizbullah” təşkilatı bu əməliyyatın arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığını bildirmişdi. Daha sonra İsrail rəsmiləri bu əməliyyatı dolayısı ilə təsdiqləmişdilər.
 

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı “Qalxan Şir” (Rising Lion) adlı hərbi əməliyyata start verib. Əməliyyatın əsas məqsədi İranın nüvə proqramına zərbə vurmaq olub. Bu addıma cavab olaraq İran 24 saat keçməmiş əks-hücum həyata keçirib.


Sonrakı günlərdə tərəflər arasında raket və dron zərbələrinin qarşılıqlı mübadiləsi davam edib. Hər iki ölkə ölüm və yaralıların olduğunu etiraf edib, bəzi hərbi və mülki obyektlərin zərbə aldığını, lakin ümumi ziyanın məhdud olduğunu bəyan ediblər.

Yeri gəlmişkən, İsrail səfirinin “yeni sürprizlər” haqda danışması bölgədə vəziyyətin daha da gərginləşəcəyinə işarə edir. Analitiklər ehtimal edirlər ki, İsrail tərəfindən planlaşdırılan yeni əməliyyatlar, sadəcə İrana deyil, İranın regional tərəfdaşlarına – xüsusilə də “Hizbullah”a və digər şiə hərəkatlarına qarşı da yönəldilə bilər.

Yaxın Şərqdə sülh çağırışları fonunda verilən bu bəyanatlar, təhlükəli bir eskalasiya ehtimalını daha da artırır. Hazırda beynəlxalq ictimaiyyət baş verənləri yüksək diqqətlə izləyir və tərəfləri təmkinə dəvət edir.

Bizim.Media

Seçilən
0
4
bizim.media

5Mənbələr