AZ

"Elvish balı"nın hər bir kiloqramı 11 560 manata satılır

"Elvish balı" Türkiyənin Artvin bölgəsinin Sarıçayır vadisində, təqribən 1800–2000 metr hündürlükdə yerləşən təbii mağaralarda və dağlıq ərazidəki xüsusi kovanlarda toplanır.

Valyuta.az xəbər verir ki, yalnız ildə bir dəfə çıxarılan bu balın hər kiloqramı təqribən 6 800 ABŞ dolları (təxminən 11 560 manat), hər qramı isə 6.8 ABŞ dolları (təxminən 11.56 manat) dəyərindədir.

Balın yüksək qiyməti onun çətin əldə olunması, nadirliyi və zəngin biokimyəvi tərkibi ilə bağlıdır. O, minerallar, antioksidantlar və təbii "grayanotoksin" maddəsi ilə zəngindir. Bu maddə bəzi hallarda zəif hallusinogen təsir göstərə bilər.

İlk dəfə 2009-cu ildə 45 000 avroya (təxminən 83 700 manata) satılan "Elvish balı", hazırda 5 000 avrodan (təxminən 9 300 manat) 6 800 ABŞ dollarınadək qiymətlərlə bazara çıxarılır. 2025-ci ildə "Harrods" mağazasında satışa çıxarılan 150 ml-lik qablaşdırması 1 033 ABŞ dolları (təxminən 1 760 manat) və ya 810 funt sterlinqə (təxminən 1 760 manata) satılıb.

Bu məhsul təkcə nadir bal kimi deyil, həm də mədəni və ekoloji dəyər daşıyan təbii sərvət kimi qiymətləndirilir.

Mayya Hüseynova

Seçilən
1
valyuta.az

1Mənbələr