AZ

“8 Noyabr Zəfər Günü - Suverenliyə aparan yol” kitabı çap olunub

Bakı, 17 iyun, AZƏRTAC

“8 Noyabr Zəfər Günü - Suverenliyinə aparan yol" adlı monoqrafiya çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan elmi əsər Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.

Kitabın müəllifi İnstitutun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Elmi əsərdə Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilir. Həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib. İkinci Qarabağ müharibəsində xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub. Bununla yanaşı, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi hərbi-strateji məharət və tətbiq edilən taktikanın təkamülü təhlil olunub.

Kitab xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursant və gənc zabitləri, adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub.

“8 Noyabr Zəfər günü - Suverenliyə aparan yol” kitabı, həmçinin Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və digər məsələlərlə maraqlanan oxucu kütləsi üçün də maraqlı ola bilər.

 

Seçilən
1
1
azertag.az

2Mənbələr