BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
İran Yaxın Şərqdə siyasi islamçılığın hələ də özünü qoruyub saxlaya bildiyi yeganə modeldir. Məsələyə nəzər saldıqda aydın olur ki, İran nə Türkiyənin siyasi islam modeli kimi beynəlxalq sistemə inteqrasiya olunaraq sekulyar çərçivəyə keçid edib, nə də ərəb monarxiyaları kimi avtoritar-modernist yanaşmanı seçib. İranın fərqli siyasi arxitekturası onu həm regionda, həm də qlobal sistemdə spesifik mövqeyə sahib edir.
İran siyasi sistemi teokratik çərçivədə qurulsa da, seçkili institutların – prezidentlik, parlament və bələdiyyələrin – mövcudluğu demokratik elementlərin tam sıradan çıxmadığını göstərir. Dini liderin (vilayəti-fəqih) sistemdə müstəsna mövqeyi olsa da, siyasi plüralizm tamamilə məhv edilməyib. Bunun göstəricisi kimi, zaman-zaman mühafizəkarlarla islahatçılar arasında seçki rəqabətləri və hakimiyyətin ötürülməsi təcrübələri göstərilə bilər.
İran heç bir hərbi ittifaqın üzvü deyil və bu da onu regional və qlobal öhdəliklərdən formal olaraq azad edir. Bu neytrallıq görüntüsü onun bölgədə proksi strukturlarla təsir imkanlarını artırmasına şərait yaradır. İranın Livan, Suriya, Yəmən və İraqdakı proksi gücləri, onun strateji dərinlik və təhlükəsizlik anlayışına uyğun olaraq, həm öz sərhədlərini qorumaq, həm də təsir sahəsini genişləndirmək məqsədi daşıyır. Bu, eyni zamanda İranın maddi, siyasi və demoqrafik resurslarına əsaslanan özünüqoruma instinktidir.
Bəzən İranın regional siyasətinə dair səthi yanaşmalar, hətta ciddi analitiklər tərəfindən də irəli sürülür. Halbuki XX əsr İslami hərəkatlarını və onların transformasiyasını anlamadan İranın bu gününü və gələcəyini anlamaq çətindir.
"İranın axırı necə olacaq?" sualına gəlincə, bu məsələdə bir neçə ssenari mümkündür. Əgər ABŞ İranla birbaşa hərbi toqquşmaya girərsə, bu bölgə üçün fəlakətli nəticələr doğura bilər. Belə bir müdaxilə regionda yeni humanitar və siyasi böhranlara səbəb olacaq. Digər tərəfdən, əgər bu baş verməzsə və mövcud dinamika davam edərsə, İsrailin təkbaşına İranın regional təsirini zəiflətməsi çətin görünür.
İranın hərbi və təhlükəsizlik strukturlarına yönəlmiş hücumlar da təsadüfi deyil. İran cəmiyyətindəki etnik, dini və siyasi müxtəliflik, əhalinin genişliyi və dövlətin daxilindəki açıq-örtülü ziddiyyətlər xarici kəşfiyyat xidmətləri üçün əlverişli zəmin yaradır. Yüksək texnoloji vasitələrlə, o cümlədən peyk və digər kəşfiyyat resursları ilə İranın yüksək vəzifəli şəxslərinin yerləri müəyyən edilə bilir. Bu da onu göstərir ki, İran, öz daxilində ciddi təhlükəsizlik və informasiya riskləri ilə qarşı-qarşıyadır.
İsrail isə çox kiçik əraziyə malik olsa da, hərbi və texniki baxımdan Qərb, xüsusilə ABŞ tərəfindən dəstəklənir. İsrailin qurulması və mövcudluğu yalnız coğrafi deyil, həm də dərin ideoloji və tarixi motivasiyalara əsaslanır. Əhalisinin mühüm hissəsi sionist idealların təsiri ilə qədim vətənə geri dönərək dövlət qurub və bu dövlətin varlığını qorumaq ümummilli məqsəd halını alıb. Bu isə onun mövcudluğunu yalnız siyasi deyil, həm də geosiyasi və hərbi reallıq kimi təsdiqləyir.
Yekunda isə mənim şəxsi mövqeyim budur ki, bu müharibənin dayandırılması zəruridir. Əgər savaş dayandırılsa və status-kvo dəyişməzsə, heç olmasa daha genişmiqyaslı humanitar fəlakətlərin və kütləvi insan itkilərinin qarşısını almaq mümkün olar. Təəssüf ki, bir çox siyasi şərhlərdə bu mürəkkəb reallıqlar düzgün dərk edilmir və populist yanaşmalar üstünlük təşkil edir. Bu isə dərinlikli düşünən analitiklərdə yalnız təəssüf və bəzən istehza doğurur.