AZ

İranın nüvə obyekti hələ də toxunulmazdır – ABŞ “son silahı” işə salacaq?

Son beş gündə İsrailin ardıcıl raket hücumları İranın nüvə obyektlərini hədəfə alsa da, nəticə gözlənilən kimi olmur. Xüsusilə də “Fordo” adlı yüksək təhlükəsizliklə qorunan nüvə kompleksi İsrailin texnoloji imkanlarına meydan oxuyur. İranın dağların dərinliklərində yerləşən bu strateji obyektini sıradan çıxarmaq isə yalnız ABŞ-ın silah arsenalında olan xüsusi bombalarla mümkündür. Bəs ABŞ bu mərhələdə İsrailin yanında yer alacaqmı? 
Moderator.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, İran-İsrail müharibəsinin əsas siyasi və hərbi hədəflərinə nəzər saldıqda görünür ki, İsrailin başlıca məqsədi İranın nüvə proqramını tamamilə dayandırmaqdır.
Onun sözlərinə görə, hərbi baxımdan İsrail, eyni zamanda, İranın orta və uzaq mənzilli ballistik raketlərinin buraxılış qurğularını sıradan çıxarmağa çalışır:
“Siyasi məqsəd isə daha dərindir – bu, İranda rejim dəyişikliyinə nail olmaqdır. Son dörd gündə həyata keçirilən hücumlar göstərir ki, İsrail, heç olmasa, hərbi hədəflərinin bir hissəsinə nail olub. Məsələn, İsrailin hava qüvvələri İran üzərində hava üstünlüyünü təmin edib. Hazırda İranın hava məkanı demək olar ki, tamamilə "açıqqabı" vəziyyətinə düşüb, yəni ölkənin hava hücumundan müdafiə sistemləri faktiki olaraq sıradan çıxarılıb. Bundan başqa, İsrailin hücumları nəticəsində İranın ballistik raketlərinin buraxılış qurğuları da ciddi zərər görüb. Nəticədə, bu raketlərin istifadəsi mümkün deyil. Eyni zamanda, İsrail Natanz, Fordo və İsfahan bölgələrində yerləşən nüvə zənginləşdirmə obyektlərinin yerüstü infrastrukturunu və bu obyektlərə giriş tunellərini bombalayıb. Bu hücumlar nəticəsində nüvə proqramının bəzi texniki və təminedici elementləri sıradan çıxarılıb. Hətta 13-ə yaxın nüvə aliminin həyatını itirməsi səbəbilə proqramın icrası indiki mərhələdə faktiki olaraq dayanıb”.
Hərbi ekspert sözünə davam edərək vurğulayıb ki, İsrailin əsas siyasi hədəflərindən biri də İranın nüvə proqramından imtina etməsini təmin etmək idi. Bu məsələdə İsrail ABŞ ilə birgə hərəkət edərək İranı danışıqlara cəlb etmək və onu nüvə zənginləşdirmə fəaliyyətlərini dayandırmağa məcbur etmək istəyirdi:
“ABŞ İranın bu fəaliyyətinə qarşı müəyyən zaman çərçivəsi təqdim etmişdi – 60 günlük möhlət verilmişdi ki, İran proqramı dayandırsın. Daha sonra MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının dayandırılması ilə bağlı qətnamə qəbul edəndə, bu qərar İsrailin əlini daha da gücləndirdi.
İsrail hesab edir ki, əgər İran zənginləşdirmə səviyyəsini 90 faizə çatdırsa, bu, ölkəyə nüvə başlıqlı ballistik raketlər hazırlamaq imkanı verəcək. Belə bir vəziyyətdə isə İran potensial olaraq İsrail üçün birbaşa mövcudluq təhdidinə çevrilə bilər.Hazırkı əməliyyatlar nəticəsində İsrail İranın nüvə proqramını tamamilə məhv etməsə də, onun zənginləşdirmə prosesini ləngidə bilib. Ekspertlər bildirir ki, bu əməliyyatlar vasitəsilə İranın nüvə silahı əldə etmə ehtimalı ən azı yaxın 10 il üçün arxa plana keçib”.
 
E.Şıxəliyevin fikirincə, srailin əsas siyasi məqsədi İran hakimiyyətinə hərbi təzyiqlərlə zərbə vuraraq onu nüvə proqramından imtina etdiyini rəsmən təsdiqləyəcək bir müqavilə imzalamağa məcbur etməkdir:
 “Bu prosesin arxasında isə yalnız İsrail deyil, eyni zamanda ABŞ-ın maraqları dayanır. Vaşinqton hesab edir ki, əgər İsrail öz siyasi və hərbi hədəflərinə sahədə – yəni əməliyyat meydanında – nail olarsa, ABŞ-ın birbaşa müharibəyə müdaxilə etməsinə ehtiyac qalmayacaq. Amma əgər İran bunun əksinə olaraq nüvə proqramını davam etdirdiyini bəyan edər və zənginləşdirmə səviyyəsini artırmaq üçün real addımlar atarsa, vəziyyət daha da mürəkkəbləşə bilər. Bu zaman İsrailin təzyiqləri artacaq, ABŞ isə mövqeyini yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər. Xüsusilə Natanz və İsfahan bölgələrində yerləşən, yerin 30-80 metr dərinliyində salınmış və xüsusi möhkəmləndirilmiş nüvə infrastrukturları – laboratoriyalar və tədqiqat mərkəzləri – yalnız ABŞ-ın bunkerə nüfuz edən raketləri ilə sıradan çıxarıla bilər. Ekspertlər bildirir ki, əgər lazım gələrsə, bu silahların İsrailə ötürülməsi məsələsində ciddi problem yaşanmayacaq. Hazırda ABŞ gözləmə mövqeyindədir. Əgər İsrailin hərbi təzyiqləri nəticəsində İran nüvə proqramından imtina etdiyini bəyan edən razılaşmanı imzalayarsa, bu proqram MAQATE tərəfindən nəzarətə götürüləcək və zənginləşdirmə prosesi dayandırıla bilər. Əks təqdirdə, yəni İran müqavimət göstərməkdə davam edərsə, İsrailin əməliyyatlarının daha da genişlənəcəyi və ABŞ-ın da bu prosesə dolayı və ya birbaşa cəlb oluna biləcəyi ehtimal olunur”.
 
Mehin Mehmanqızı
 
Seçilən
1
1
moderator.az

2Mənbələr