AZ

“Türkiyənin vasitəçiliyi real nəticə verməyəcək” – Taleh Əliyev – ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara İran ilə İsrail arasında baş verən gərginliyi azaltmaq və münaqişəni dayandırmaq üçün intensiv diplomatik səylər göstərir. Ərdoğanın sözlərinə görə, Türkiyə regionda sülhün bərqərar olması üçün vasitəçilik də daxil olmaqla, bütün mümkün addımları atmağa hazırdır.

Maraqlıdır, Ankara bu mürəkkəb və dərin ziddiyyətlərlə dolu qarşıdurmada həqiqətən sülhə nail ola bilərmi?

"Şübhəsiz ki, son illərdə Türkiyə Cümhuriyyəti və onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müxtəlif regionlarda münaqişələrin həllində müstəsna rolu olmuşdur. Bunu biz istər Rusiya-Ukrayna arasında münaqişənin həllinə yönəlmiş davamlı təşəbbüslərində, istərsə də Afrika ölkələrində hökumətlərlə ölkə daxilindəki müxtəlif qüvvələr arasında fikir ayrılıqlarının aradan qaldırılmasında, eləcə də Afrika qitəsində qonşu ölkələr arasındakı münaqişələrin həlli ilə bağlı təşəbbüslərində aydın şəkildə görürük".

Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. O qeyd edib ki, İsrail-İran müharibəsi fonunda tərəflər arasında ziddiyyətlərin dərinliyi səbəbilə Türkiyənin vasitəçilikdə uğur qazanacağı real görünmür:

"Türkiyə bu gün kifayət qədər nüfuzlu və sözü eşidilən beynəlxalq aktora çevrilmişdir.
Lakin konkret olaraq İsrail-İran müharibəsi fonunda Türkiyənin bu münaqişədə uğurlu vasitəçilik missiyası həyata keçirəcəyi mənə real görünmür. Bu isə Türkiyənin nüfuzunun zəifliyi ilə deyil, daha çox müharibə edən tərəflər - İsrail və İran - arasında mövcud olan dərin ziddiyyətlərin kəskinliyilə bağlıdır. Belə ki, İsrail tərəfi İranın nüvə silahı əldə etməsini öz milli təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirir. İran isə nüvə texnologiyasından yalnız sülhməramlı məqsədlərlə istifadə etdiyini bildirir və bu istiqamətdə geri addım atmayacağını açıq şəkildə bəyan edir.
Hazırda müharibə hər iki ölkənin ərazisində ciddi dağıntılar və böyük insan tələfatı ilə nəticələndiyindən, mənə elə gəlir ki, İsrail hazırkı hərbi üstünlüyündən maksimum istifadə edərək İranda rejim dəyişikliyinə nail olmağa çalışır. Buna görə də, İsrail tərəfi nəinki Türkiyənin, heç bir üçüncü tərəfin vasitəçiliyini qəbul etməyəcək.
Türkiyənin, eləcə də digər vasitəçilərin bu münaqişədə uğurlu nəticə əldə edəcəyi, yəni atəşkəsə və ya sülhə nail olacağı ehtimalı hazırkı şəraitdə çox zəif görünür".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr