AZ

Kababçı qohumuna xəsarət yetirdi

Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü Hafiz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Rahidə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş verib. Hafiz həmin ünvanda yerləşən fərdi evdə yaşayan qohumu Rahidlə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı onu qəsdən döyüb. 

Hadisəni törədən Hafizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hafiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində yerləşən “Su Sonası” şadlıq sarayında kababçı vəzifəsində işləyir: “2025-ci ilin yanvar ayının 21-də günorta saatlarında öz evimdə yemək yedim, spirtli içki qəbul etdim. Daha sonra evimin yaxınlığındakı kafeyə pivə içmək üçün getdim. Həmin kafedə pivə içdikdən sonra təxminən saat 19.00-da anam Göyçəkin evinə gedərkən dayımın nəvəsi Rahidin anamgilin qapısının ağzında dayandığını gördüm. Rahiddən nə üçün qapının önündə durduğunu dedim və onu içəri həyətə dəvət etdim. Rahid bildirdiki, Göyçək xalaya baş çəkmək üçün gəlib, indi gedir. Hər ikimiz sərxoş olduğumuz üçün sözlərim çəpləşdi və bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğum üçün yumruqla bir dəfə Rahidin burun nahiyyəsindən vurdum. Mənim vurduğum zərbə nəticəsində Rahid yerə yıxıldı. Bu vaxt bacım oğlu Ramil bizi araladı. Bundan sonra Rahid öz evlərinə, mən də öz evimə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aradan təxminən bir saat keçdikdən sonra Rahidin onun barəsində şikayət etdiyini eşidib: “Daha sonra 2-ci Polis Bölməsinin əməkdaşları bizi bölməyə dəvət etdilər. Hər ikimiz sərxoş vəziyyətdə olduğumuz üçün Sumqayıt şəhər Narkoloji Dispanserə müayinə olunmağa apardılar. Hazırda etdiyim hərəkətdən peşmanam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Hafizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
3
1
demokrat.az

2Mənbələr