AZ

“Sürünən” savaş: İran strateji tələdə – Qurtulmaq üçün bir yol var

İsrail-İran müharibəsi nəinki regionu bütövlükdə dünyanı gərginlikdə saxlamaqda davam edir. Artıq bir sıra “beyin mərkəzləri” savaşın necə bitəcəyini proqnozlaşdırmağa çalışır. Çünki yeni qlobal düzən, dünya iqtisadiyyatı, enerji bazarındakı qiymətlər xeyli dərəcədə bu nəticələrdən asılı olacaq.

Məsələn, İranlı ekspert Rza Talebi hesab edir ki, Tehran ABŞ və İsrailin qurduğu strateji tələyə düşüb və buna görə də gələcək hadisələr Tehranın qəbul edəcəyi qərarlardan asılıdır. Onun fikrincə, hazırkı vəziyyətdə, üç ssenari mümkün görünür (Haqqin.az).

Bunlar aşağıdakılardır: “Birinci və ən az dağıdıcı yol Tehranın düşmənçilik hərəkətlərindən rəsmi imtina etməsi və ABŞ prezidenti Donald Trampın irəli sürdüyü şərtləri qəbuletməsidir. Bu ssenariyə görə, İran İsrailə raket hücumlarını dayandırır, nüvə proqramını məhdudlaşdırır, yalnız taktiki sistemləri saxlamaqla orta mənzilli ballistik raketləri və xarici proksi strukturları ləğv edir”.

Ekspertə görə, bu variant yalnız o halda həyata keçirilə bilər ki, İranın ali lideri Əli Xamenei öz postunu tərk etsin və hakimiyyəti daha mötədil varisə, ola bilsin, öz oğluna və ya sərt anti-İsrail ritorikası ilə əlaqəli olmayan bir şəxsə ötürsün.

“İkinci ssenari İranın mövqeyinin radikallaşmasıdır. O halda Tehran Hörmüz boğazını bağlamaqla qlobal enerji böhranına səbəb ola, Qətər və Səudiyyə Ərəbistanındakı Amerika bazalarına kütləvi raket zərbələri endirməyə cəhd edə bilər. Belə bir addım Fars körfəzi ölkələrinin İsrail və ABŞ tərəfinə keçməsinə gətirib çıxaracaq və İranın genişmiqyaslı beynəlxalq blokadası ilə başa çatacaq. Bu ssenari çərçivəsində ölkənin elektrik şəbəkələrinin dağıdılmasını, iqtisadiyyatın faktiki iflic vəziyyətinə düşməsini, eləcə də xarici dəstəklə bəluc və kürdlərin mümkün qiyamını gözləmək olar”, - Talebi qeyd edib.

Onun sözlərinə görə, üçüncü və ən təhlükəli variant “çirkli” nüvə bombalarından istifadədir: “Bu halda İran adi ballistik raketləri radioaktiv materiallarla təchiz edə və İsrail şəhərlərinə ata bilər. Belə bir vəziyyətdə İsrail və ABŞ-ın cavabı misilsiz miqyasda və çox amansız olacaq və İran rejimi bir neçə gün ərzində məhv edilə bilər”.

Bu variantlardan hansı daha real görünür? Bölgə, dünya hansı səmtə doğru gedir? Təəssüf ki, söyləmək çətindir. Yəqin ki, yaxın günlərdə əsas suala aydınlıq gələcək. Çünki hadisələr çox sürətlə inkişaf edir...

Bir şey aydındır ki, İsrail nə qədər qınansa da, İran rejimi özü-özünü tələyə salıb və hazırkı böhranla üzləşib. Strateji tələyə. Ağıllı rəhbər ondan qurtulmaq üçün xalqı üçün ən az ziyanlı variantı seçər. Vaxt itirmədən. Bunun üçünsə ilk növbədə müharibəni yaradan səbəb aradan qaldırılmalıdır.

Bu da odur ki, hələ də İsraili yer üzündən silmək planından imtina etməyən Tehran rejiminin “haram saydığı” kütləvi qırğın silahına can atmadığı haqda bəyanatına daha heç kim inanmır. ABŞ, İsrail bir qırağa, az öncə MAQATE yazılı şəkildə bəyan etdi ki, İran qısa zamanda on nüvə bombası hazırlamaq həddinə gəlib. Bunu digər müstəqil mənbələr də təsdiqləyib.

Yəni İran Səddam Hüseynin İraqının durumunda deyil. Hansı İraq ki, nüvə silahı bəhanəsi ilə 2003-cü ildə işğal olunmuşdu. Sonra məlum oldu ki, bunlar qeyri-ciddi iddialar imiş. İranla bağlı məsələ isə tamamən ciddi. Qısası, “bu həna o hənadan deyil”. Eyni səbəbə müsəlman dünyasında da İranın dəstəkçiləri çox deyil. Çünki əksəriyyət nə baş verdiyini bilir.

Odur ki, vəziyyətin İran və xalqı üçün daha dramatik xarakter almaması, son dərəcə dağıdıcı ssenariyə keçib “sürünən” müharibəyə çevrilməməsi üçün ən əvvəl rəsmi Tehran, özəlliklə ölkənin ali dini lideri siyasi iradə göstərib dayanmalı və qərar verməlidir. Savaşın davamı indi Trampdan çox ondan asılıdır...

Analitik xidmət,
Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr