BAKI, 17 iyun. TELEQRAF
Rusiyanın strateji aviasiyasının əsas mərkəzlərindən biri olan Saratov vilayətindəki Engels-2 aviabazasında uzun müddətdən sonra ilk dəfə olaraq bir döyüş təyyarəsi belə qalmayıb.
Teleqraf xəbər verir ki, bu barədə NV telekanalı məlumat yayıb.
Kanal bildirir ki, bunu iyunun 15-nə olan “Sentinel-2”nin peyk görüntüləri sübut edir.
Engels-2 aviabazasından uzun müddət Ukraynaya kütləvi raket hücumları zamanı, eləcə də Suriyadakı əməliyyatlarda Tu-160 və Tu-95MS strateji bombardmançı təyyarələrin buraxılması üçün istifadə edilib. Amma baza indi tamamilə boşdur.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.