AZ

Azərbaycan Orta Dəhlizdə yerləşməsi ilə turizm sektoruna əlavə gəlirlər vəd edir - Kənan Quluzadə

Azərbaycanın Orta Dəhlizdə yerləşməsi turizm sektoruna əlavə gəlirlər vəd edir.

Bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Finss.az-ın sualını cavablandıran Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, Azərbaycan yol kəsişməsində yerləşir və bu, müsbət bir şansdır:

"Orta Dəhliz – turizm və tranzitin simvoludur. O, Orta Asiya, Çin və digər ölkələrdən keçərək Azərbaycandan keçir. Gürcüstan və Türkiyə üzərində də digər layihələr hazırlanır. Qlobal əməkdaşlıqla bir neçə yeni təşəbbüs əlavə ediləcək ki, bu da turizm sektoruna əlavə gəlirlər gətirəcək. Orta Dəhliz layihəsi sərnişin daşımaları və yerləşmə imkanlarına malikdir".

K.Quluzadə əlavə edib ki, hazırda Özbəkistan tərəfindən yeni layihə başlanıb:

"Şərqi və Mərkəzi Asiya ölkələrində birgə kampaniyalar keçirilir. Bu kampaniyalar çərçivəsində turistlər Azərbaycan, xüsusilə Bakı üzərindən Özbəkistana səfər edir. Orta Dəhlizin işlənməsi prosesi davam edir. Özbəkistanda tarixi abidələr çoxdur, Azərbaycanda isə nəqliyyat üstünlükləri və birbaşa uçuşlar təmin olunur.

Bizdə görüləsi çox iş var, Özbəkistanda isə yeni turizm məhsulları formalaşır və biz onları tanıdırıq. Bu layihənin effektivliyindən asılı olaraq digər Orta Asiya ölkələrinin də qoşulacağı gözlənilir. Məqsəd Bakı və Azərbaycanı turistlər üçün regional mərkəzə çevirməkdir”.

K.Quluzadə həmçinin vurğulayıb ki, Orta Dəhliz turizm sektorunda sərnişin daşımalarında da mühüm rol oynayacaq:

"Orta Dəhliz üzərində qurulan dinamika həm yerləşmə, həm iaşə, həm də turist daşımalarına öz töhfəsini verəcək. Azərbaycanla Özbəkistan arasında turizm sektorunda başlayan yeni layihə həm Orta Dəhlizin, həm də İpək Yolunun işləməsidir.

Türk dövlətlərinin xidmət qurumları birlikdə müəyyən marşrutlar və xidmət paketləri üzərində işləyirlər ki, yeni turizm məhsulları formalaşsın. İpək Yolu çərçivəsində hazırlanan məhsullar bu dəhliz üzərindəki ölkələri əhatə edir.

Biz Şərqi və Mərkəzi Avropa ölkələrində birgə marketinq kampaniyası keçirəcəyik ki, həmin ölkələrdən olan turistlər Bakı üzərindən Özbəkistana səyahət etsin və geri qayıtsın. Özbəkistanda tarixi abidələr Avropalıları cəlb edir, Azərbaycanda isə nəqliyyat üstünlükləri daha çoxdur və birbaşa uçuşlar təmin olunur".

Sədrin müşaviri onu da qeyd edib ki, yaxın zamanda Azərbaycanın Çin, Türkiyə, Rusiya və İsraildə turizm nümayəndəliklərinin açılışı planlaşdırılır:

"Bu addımlar ölkəmizin turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması üçün vacibdir”.

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr