ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Nəqliyyat vasitələrində sərnişinlərin təhlükəsizlik qaydalarına əməl etməməsi bəzən ciddi fəsadlara səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bəzi sərnişinlər hələ də təhlükəsizlik kəməri taxmağın vacibliyinə məhəl qoymur, “mənə heç nə olmaz”, “onsuz da sərnişinə görə cərimə yazılmır” kimi yanlış düşüncələrlə məsuliyyətsiz davranırlar.
Ən acınacaqlı hal isə bu şəxslərin, xüsusilə də bəzi qadın sərnişinlərin ayaqlarını avtomobilin ön panelinə qoyaraq sanki ev şəraitindəymiş kimi rahatlanmağa çalışmasıdır. Bu isə qəfil tormozlanma, sərt manevr və ya qəza anında onların ağır xəsarət alması ilə nəticələnə bilər.
Mütəxəssislər bildirirlər ki, ayaqlar panel üzərində olduqda, qəza zamanı təhlükəsizlik kəməri taxılmayıbsa, sərnişin önə doğru düşərək həm baş, həm də ayaq nahiyəsindən ciddi travma ala bilər.
Unutmaq olmaz ki, təhlükəsizlik kəməri yalnız sürücülər üçün deyil, sərnişinlər üçün də məcburidir və bu qanunla təsdiqlənib. Amma bundan daha önəmlisi, bu, sağlamlığı qorumağın əsas vasitəsidir.
Avtomobilin içində hər kəs qaydalara əməl etməli, təhlükəsizlik kəmərini taxmalı, ayaqlarını nəzarətsiz şəkildə ön panelə uzatmaq kimi təhlükəli vərdişlərdən uzaq durmalıdır. Sürücü də məsuliyyət daşıyır ki, avtomobilindəki sərnişinlər bu qaydalara riayət etsin. Çünki bu, təkcə qayda deyil, həyat məsələsidir.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.