Bakı, 17 iyun, AZƏRTAC
Təmiz mənbələrə - külək, günəş, su və geotermal enerjiyə keçid daha ucuz olacaq və karbon qazının tutulması texnologiyalarının genişmiqyaslı tətbiqi ilə müqayisədə iqlim və sağlamlığa çox fayda gətirəcək. “Environmental Science & Technology” jurnalında araşdırma dərc etdirən Stenford Universitetinin alimləri belə nəticəyə gəliblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar 149 ölkədə 2050-ci ilə qədər qlobal enerjinin inkişafının iki ssenarisini müqayisə ediblər: onlardan biri bərpaolunan enerji mənbələrinə tam keçid və genişmiqyaslı elektrikləşdirmə, digəri isə qazıntı yanacaqlarından istifadənin saxlanması, habelə atmosferə atılan CO₂ və sənaye emissiyalarının tutulması texnologiyalarının tətbiqini ehtiva edir.
Nəticələr göstərir ki, birinci ssenaridə ümumi enerji tələbatı 50 faizdən çox, enerji sisteminin illik xərcləri isə demək olar ki, 60 faiz azalır. Eyni zamanda, havanın keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır və çirklənmə ilə bağlı vaxtından əvvəl ölüm hallarının sayı aşağı düşür. İkinci ssenaridə karbontutma texnologiyalarının tətbiqinə baxmayaraq, çirklənmə səviyyələri və xərclər əhəmiyyətli dərəcədə yüksək olaraq qalır. Tədqiqatın müəlliflərindən biri, professor Mark Ceykobsona görə, təmiz enerjiyə sərmayə qoymaq əvəzinə bahalı karbontutma sistemlərindən istifadə əldən verilmiş bir fürsətdir: “Külək, günəş və su əvəzinə karbontutma texnologiyasına yatırılan hər bir dollar əlavə emissiya, daha çox çirklənmə, artan enerji istifadəsi və sosial xərclər deməkdir”.
Alimlər vurğulayırlar ki, karbontutma texnologiyaları bərpaolunan enerji ilə təchiz edilsə belə, onlar yenə də qazıntı yanacaqlarının birbaşa yaşıl enerji ilə əvəzlənməsinə uduzur. Səbəb birincinin aşağı ümumi səmərəliliyi və bahalı yanacaq yanması infrastrukturunun qorunmasıdır.
Tədqiqat, həmçinin göstərir ki, elektrikləşdirmə səmərəliliyi artırır: məsələn, istilik nasosları və elektrik avtomobilləri qazıntı yanacaqları ilə müqayisədə daha az enerji sərf edir. Eyni zamanda, kömür, neft və qazın çıxarılması, nəqli və emalı proseslərindən imtina etməklə əlavə qənaət əldə edilir.
Müəlliflər birmənalı nəticəyə gəlirlər: emissiyalarla mübarizənin əsas vasitəsi kimi karbonun tutulmasını dəstəkləyən iqlim siyasəti iqtisadi və ekoloji baxımdan əsassızdır. Çirklənməni azaltmağın və iqlimi sabitləşdirməyin yeganə effektiv yolu qazıntı yanacaqlarından imtina etmək və bərpaolunan enerji mənbələrinə keçməkdir.