AZ

Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AÇIQLAMA

Son zamanlar turizm sektorunu yaxından dəstəkləyən bir sıra digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi gündəmdədir.

Deputat Vüqar Bayramov "Unikal"a bildirib ki, son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur.

Onun sözlərinə görə, bu, turizm sektorunda daxilolmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir:

"Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir".

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını aktuallaşdırıb: "Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Belə ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Tədqiqatlar göstərir ki, bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin, Azərbaycandan səfər edən turistlərdən daxil olur".

Seçilən
10
10
unikal.az

10Mənbələr