AZ

Bakıda keçiriləcək “Urban Forum” qlobal miqyasda şəhərsalma ilə bağlı problemlərin həlli üçün vasitəçi rolunu oynayacaq - Ülviyyə Zülfiqar

Bakı, 17 iyun, AZƏRTAC

Sürətli və nizamsız şəhərsalma müasir dünyada bir çox problemlərə səbəb olur. Əhalinin sürətlə artması - iş yerləri, müasir həyat tərzi üçün şəhərlərə axın edilməsi qlobal miqyasda ciddi problemlərə də səbəb olur. Onların arasında sənədsiz evlərin, gecəqonduların çoxalması ilə yanaşı təmiz su ehtiyatlarına və sanitar imkanlara çıxışın məhdudlaşdırılması da yer alır. Bundan başqa sürətli şəhərşalma nəhəng tıxac problemlərinə də səbəb olur ki, dünyanın iri meqapolislərində bu problem insan həyatının ciddi problemlərindən sayılır. Şəhərlərin ərazisinin genişlənməsi həm də kənd təsərrüfatına yararlı ərazilərin, yaşıllıqların azalması deməkdir ki, bu da qlobal iqlim problemlərinə, ərzaq qıtlığına səbəb ola bilir. Üstəlik insanların dünyanın iri meqapolislərinə axını şəhərsalma ilə yanaşı sosial problemlər də yaradır, şəhərlərdəki iş imkanları çox hallarda bu axının məşğulluq ehtiyaclarını tam olaraq qarşılaya bilmir.

Bu fikirləri AZƏRTAC-ın Bakıda keçiriləcək Şəhərsalma Forumunda əsasən hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sorğusuna cavab olaraq siyasi ekspert Ülviyyə Zülfiqar söyləyib.

Siyasi ekspert qeyd edib ki, bu problemlərin müzakirəsi və dayanıqlı həll yolunun tapılması dünyanın həm humanitar, həm iqlim, həm də ərzaq qıtlığı kimi çağırışlarını asanlaşdıra, müəyyən qədər aradan qaldıra bilər. BMT-nin Məskunlaşma Proqramının Bakıda baş tutacaq Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyası şəhərsalmanın gətirdiyi bu çağırışların müzakirəsi üçün ən mötəbər platformadır. 2002-ci ildən bu yana keçirilən sözügedən konfransda 20 mindən yuxarı mütəxəssis, vətəndaş cəmiyyəti nümayəndələri, yerli hökumət nümayəndələri bu kimi problemlərdən bəhs edir. Nəhəng tədbirlərə ev sahibliyi edən Azərbaycanda baş tutacaq Urban Forum “Dünyanın mənzillə təmin olunması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusundadır.

“Yuxarıda sadalanan problemlərin hər biri bu forumda ətraflı şəkildə müzakirə edilərək əhəmiyyətli və problemlərin aradan qalxmasına önəmli təsir edəcək qərarların alınması üçün vasitəçi rolunu oynayacaq”, - deyə Ü.Zülfiqar əlavə edib.

Seçilən
2
1
azertag.az

2Mənbələr