AZ

Bu baş versə, Azərbaycanda inflyasiya və qiymət artımı olacaq — AÇIQLAMA

Neft qiymətlərinin uzun müddət yuxarı həddə qalması dolayı yolla Azərbaycanda idxal inflyasiyasına və qiymət artımına səbəb ola bilər.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, hazırda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri iki istiqamətdə ola bilər – birbaşa və dolayı:

“Birbaşa istiqamət ondan ibarətdir ki, neft və qazın qiyməti kəskin olaraq qalxsa və uzun müddət yuxarı həddə qalsa, Azərbaycan üçün – həm tədiyyə balansı üçün, həm neft gəlirlərinin artması üçün müsbət amildir, lakin yaxın perspektivdə. Dolayı yolla isə orta və uzun perspektivdə bunun da fəsadları olacaq, çünki dünyada neft qiymətlərinin artması inflyasiyanın artması deməkdir. Nəticədə Azərbaycanda idxal inflyasiyası artacaq, bu da Azərbaycanda qiymətlərin yenidən artımını şərtləndirəcək”.

İqtisadçı qeyd edib ki, neft qiymətlərinin uzun müddət yuxarı həddə qalacağını düşünmür:


“Lakin görək, neftin qiymətinin həddən artıq artması ehtimalı varmı? 80 dolların üzərinə qalxa bilər, amma bu uzun müddət olmayacaq. Çünki ABŞ və İsrail buna hazırdırlar, bütün ssenarilər üzrə hazırlıq görülüb. Ona görə də mən buna inanmıram. Neftin qiymətinin 80 dolların üzərində qalması Çin iqtisadiyyatının yavaşlaması deməkdir, Avropa iqtisadiyyatı üçün zərbə deməkdir, neft idxal edən ölkələr üçün təhlükəlidir. ABŞ da bunu istəməz, çünki inflyasiyaya səbəb olacaq”.

Elman Sadıqov son olaraq qeyd edib ki, İranın Hörmüz boğazını bağlayacağı inandırıcı deyil:

“Çünki bu boğazın bağlanması dünya bazarlarında ciddi bir çaxnaşma deməkdir. Neftin 20, qazın 30 faizi buradan keçir. Qətər, BƏƏ neftinin bir hissəsi, Küveyt, Bəhreyn nefti buradan keçir. İran boğazı bağlasa, bütün dünyanı özünə düşmən edər. Heç bir ölkəyə bu sərf etməz. Hörmüz boğazı ilə oyun oynamaq mümkün deyil. İran bir dəfə bunu etdi, bədəlini indi də ödəyir”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
7
1
demokrat.az

2Mənbələr