AZ

Qazaxıstan Orta Dəhlizlə yükdaşımaların həcmini 10 milyon tona çatdırmağı planlaşdırır

Astana, 17 iyun, AZƏRTAC

Mərkəzi Asiya ölkələri ilə Çin arasında əməkdaşlıqda logistika və kənd təsərrüfatı məhsulları ixracının inkişafı ön plana çıxır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Astanada Mərkəzi Asiya – Çin İşgüzar Şurasının ikinci iclası zamanı Qazaxıstan Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin deyib.

O qeyd edib: “Mərkəzi Asiya dünyada ənənəvi quru əkinçiliyin inkişafı üçün əsas regiondur. Hazırda region ölkələri Çin bazarına üzvi kənd təsərrüfatı məhsullarının ixracını fəal şəkildə təşviq edir və şaxələndirir”.

Baş nazirin müavini nəqliyyat infrastrukturunun və beynəlxalq dəhlizlərin inkişafını mühüm sahə adlandırıb. Bu gün Çindən Avropaya quru yükdaşımaların 80 faizindən çoxu Qazaxıstandan keçir. “Biz Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıyıq. Bu meqalayihə Orta Dəhlizlə birlikdə “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin potensialının açılması üçün əlavə imkanlar yaradır”, - deyə S.Jumanqarin vurğulayıb.

2024-cü ilin sonunda Orta Dəhliz üzrə daşımaların həcmi 60 faizdən çox artaraq 4,5 milyon tona çatıb. “2030-cu ilə qədər biz yükdaşımaların həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırırıq”, -deyə Baş nazirin müavini əlavə edib.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
7
1
azertag.az

2Mənbələr