AZ

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - SİYAHI

Danimarkanın paytaxtı Kopenhagen Avropanın ən bahalı istiqamətlərindən biri hesab edilməsinə baxmayaraq, dünyanın ən rahat yaşanılan şəhəri kimi tanınıb.

Valyuta.az xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit"in (EIU) illik yaşayış rahatlığı üzrə qlobal indeksinə əsaslanır. 

İndeks çərçivəsində 173 şəhər beş əsas kateqoriya üzrə qiymətləndirilib: sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur. Qiymətləndirmə 2025-ci ilin 14 aprelindən 11 may tarixinə qədər olan dövrü əhatə edir. Hesabatın nəticələri "Business Insider" tərəfindən açıqlanıb.

Kopenhagen sabitlik, təhsil və infrastruktur sahələrində maksimum göstəricilər əldə edərək ümumilikdə 100 mümkün xaldan 98 bal toplayıb. Velosipedçilər üçün əlverişli mühiti, kanalları, memarlığı və mədəni irsi ilə tanınan şəhər bu göstəricilər sayəsində lider mövqeyə yüksəlib.

Digər tərəfdən, son üç ildə reytinqin zirvəsində qərarlaşan Avstriyanın paytaxtı Vyana bu dəfə ikinci pilləyə enib. Bu dəyişiklik əsasən şəhərin sabitlik indeksində beş ballıq geriləmə ilə bağlıdır ki, bu da artan təhlükəsizlik riskləri ilə əlaqələndirilir.

Ümumilikdə, ilk beşlikdə əsasən Qərbi Avropa şəhərləri üstünlük təşkil edir, ilk onluqda isə Asiya-Sakit okean regionunun da nümayəndələri yer alıb. Şimali Amerikadan ilk onluqda təmsil olunan yeganə şəhər isə Kanada şəhəri Vankuver olub.

Buna baxmayaraq, bir çox şəhər səhiyyə, təhsil və infrastruktur sahəsində göstəricilərini artırsa da, qlobal sabitliyin azalması və vətəndaş iğtişaşlarının artması ümumi yaşayış rahatlığı balının 100 üzərindən 76,1-ə enməsinə səbəb olub.

EIU-nun sənaye üzrə direktor müavini Barsali Bxattacariyanın sözlərinə görə, son bir ildə qlobal yaşayış şəraiti dəyişməz qalıb, lakin sabitlik göstəricisi bir sıra regionlarda, o cümlədən Qərbi Avropa, Yaxın Şərq, Şimali Afrika və bu il həmçinin Asiyada – Hindistan və Tayvan kimi ölkələrdə hərbi qarşıdurma risklərinin artması səbəbilə aşağı düşüb.

Sabitlik göstəricisi cinayətkarlığın yayılması, terror təhlükəsi, hərbi münaqişələr və vətəndaş iğtişaşları kimi meyarlara əsaslanaraq müəyyən edilir. Bu faktorlar ABŞ şəhərlərinin ilk iyirmiliyə daxil olmasına mane olub. Reytinqdə ən yüksək mövqedə qərarlaşan ABŞ şəhəri isə Havay adalarının paytaxtı Honolulu olub – 23-cü yer.

Reytinqdə ən ciddi irəliləyişlər bu il Səudiyyə Ərəbistanının Əl-Xubər şəhəri (13 pillə irəliləyib) və İndoneziyanın Cakarta şəhəri (10 pillə irəliləyib) tərəfindən göstərilib.

2025-ci ilin yaşayış üçün ən əlverişli 10 şəhəri:

1. Kopenhagen, Danimarka
2. Vyana, Avstriya
3. Sürix, İsveçrə
4. Melburn, Avstraliya
5. Cenevrə, İsveçrə
6. Sidney, Avstraliya
7. Osaka, Yaponiya
8. Oklend, Yeni Zelandiya
9. Adelaida, Avstraliya
10. Vankuver, Kanada

Paşa Məmmədli

Seçilən
5
valyuta.az

1Mənbələr