BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident Ərdoğan bölgədə artmaqda olan zorakılıq və qarşıdurmalar fonunda diplomatik təşəbbüslərini davam etdirir.
Görüşdə Prezident Ərdoğan bildirib ki, İsrailin İrana qarşı hücumları ilə başlayan zorakılıq dalğası bütövlükdə regionun təhlükəsizliyini təhdid edir və bölgə artıq yeni bir müharibəni qaldıra bilməz. O, diplomatik səylərin gücləndirilməsi və münaqişələrin siyasi yollarla həlli üçün çalışdıqlarını vurğulayıb.
Prezident Ərdoğan, həmçinin, İranla nüvə məsələsində yaranan gərginliyin danışıqlar masasına qayıdılaraq həll olunmasının vacibliyini qeyd edib. O əlavə edib ki, mövcud vəziyyət Qəzza zolağında baş verən humanitar fəlakəti kölgədə qoymamalıdır və əks halda İordan çayının qərb sahili və Şərqi Qüds də işğal təhlükəsi ilə üz-üzə qala bilər.
Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın nüvə obyektləri və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı hücuma başlayıb. Həmin hücum nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub. Mülki itkilərin ümumi sayı 224 nəfər olaraq açıqlanıb.
İran bu hücuma cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu qarşı hücumlar nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yanaralandığı bildirilib.