İstanbul, 17 iyun, Günel Karatepe, AZƏRTAC
Bu gün İstanbulda iştirak etdiyimiz “Qlobal Dayanıqlı İnkişaf” konqresi olduqca böyük və əhatəli tədbirdir. Yeni yaradılmış bir ali təhsil müəssisəsi kimi Qarabağ Universiteti bu platformada ilk dəfə iştirak edir və bu, bizim üçün qürurverici haldır. Bu tədbir həm də yeni yaradılmış Qarabağ Universitetinin dünyada tanıdılması baxımından olduqca yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən “Qlobal Dayanıqlı İnkişaf” konqresi çərçivəsində Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran Qarabağ Universitetinin rektoru Şahin Bayramov ifadə edib.
Tədbirin əsas mahiyyətinin təhsil prosesinin davamlı inkişafın təmin olunmasındakı rolunun qabardılması, universitetlərin bu prosesdəki aparıcı mövqeyinin önə çəkilməsindən ibarət olduğunu qeyd edən rektor deyib: “Milli ali təhsilimizin də təmsil olunduğu bu platformada biz Qarabağ Universitetinin strateji hədəfləri, gələcək fəaliyyətində davamlı inkişaf, təfəkkür, yaşıl düşüncə tərzi kimi məsələləri önə çəkərək vurğulayırıq. Təbii ki, bu platforma çərçivəsində həm universitetlərimizi təqdim edir, həm də bu sahədə dünyanın qabaqcıl, aparıcı universitetləri ilə əməkdaşlıq imkanları əldə edirik. Burada universitetlərin təhsil prosesi, tədqiqatları, idarəolunması, yeni nəslin yetişdirilməsində dayanıqlı inkişafın rolu, növbəti nəslin dayanıqlı inkişaf təfəkkürlü olması üçün atılacaq addımlar kimi məsələlərlə bağlı beynəlxalq təcrübə haqqında məlumat alır, öz universitetlərimizin təcrübəsini dünyaya çatdırırıq”.